Bakı, 9 yanvar, Səbinə Əlizadə, AZƏRTAC
Yaşıl enerji dəhlizləri müxtəlif bərpaolunan enerji mənbələrini bir araya gətirməklə maya dəyəri aşağı olan və dayanıqlı enerji təchizatı üçün geniş imkanlar yaradır. Bu baxımdan Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Avropa İttifaqını birləşdirməyi nəzərdə tutan Yaşıl Enerji Dəhlizi layihəsi həm regional, həm də qlobal miqyasda mühüm geoiqtisadi əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Halit Hamzaoğlu deyib.
O bildirib ki, yaşıl enerji dəhlizi Şərq və Qərbə funksional bütövlük qazanmasına şərait yaradır. “Yaşıl enerji dəhlizi layihəsi enerji təhlükəsizliyi və dayanıqlı iqtisadi inkişaf baxımından xüsusi əhəmiyyət kəsb edir. Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ötən ilin dekabrında İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının Enerji Nazirləri Şurasının 5-ci iclasında çıxışı zamanı bu dəhlizin strateji rolunu xüsusi vurğulayıb. Nazir Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış razılaşmaya Qırğızıstanın da qoşulmaq niyyətinin müsbət hal olduğunu qeyd edərək, bu sayədə güclü sinerji yaradılmasının vacibliyini önə çəkib”, - deyə ekspert vurğulayıb.
H.Hamzaoğlunun sözlərinə görə, bu layihənin reallaşması nəticəsində regionun enerji potensialı tam şəkildə dəyərləndiriləcək, istehsal olunan elektrik enerjisi əvvəlcə Türkiyə bazarına, daha sonra isə Avropaya nəql ediləcək. Bu isə regionun qlobal enerji bazarındakı rolunu əhəmiyyətli dərəcədə gücləndirəcək.
Ekspert enerji təhlükəsizliyinin təmin olunmasının Türkiyənin iqtisadi artımının davamlılığı üçün həlledici amil olduğuna da diqqət çəkərək deyib: “Yaşıl enerji dəhlizi layihəsi Türkiyənin enerji potensialını artırmaqla yanaşı, ölkənin regional və qlobal enerji siyasətlərində aparıcı mövqeyini daha da möhkəmləndirir. Türkiyə münasib qiymətli və ekoloji cəhətdən təmiz enerji təchizatını təmin edən layihələrin regional və qlobal sinerji yaratmasını strateji hədəf kimi müəyyənləşdirib. Bu kontekstdə Azərbaycan, Gürcüstan və Bolqarıstanla əməkdaşlıq edən Türkiyə Şərq və Qərb arasında enerji körpü mərkəzi kimi ardıcıl və məqsədyönlü fəaliyyət göstərir”.
H.Hamzaoğlu sonda qeyd edib ki, enerji sahəsində təchizat təhlükəsizliyinin təmin olunması istiqamətində Türkiyə və Azərbaycan arasında formalaşmış ortaq gündəm, strateji baxış və siyasi iradə yaşıl enerji dəhlizinin uğurla həyata keçirilməsi üçün möhkəm əsas yaradır.