AZ

Gürcüstanda şəkər istehsalı artdı: Azərbaycanda bu məhsulun qiyməti ucuzlaşacaq?

Gürcüstanın şəkər ixracında həm həcm, həm də qiymət baxımından müşahidə olunan kəskin artım gələcəkdə Azərbaycan bazarında qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallar yaradıb. Bəs, bu artım gələcəkdə Azərbaycan üçün şəkərin qiymətinə necə təsir edə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, bu artım birbaşa olaraq Azərbaycanda şəkərin ucuzlaşacağı anlamına gəlmir.

İqtisadçının sözlərinə görə, Gürcüstanda şəkər ixracının artmasının əsas səbəblərindən biri xarici bazarlarda qiymətlərin bahalaşmasıdır.

“Qlobal bazarlarda şəkər və bu istiqamətdə olan məhsulların qiyməti yüksəldikcə Gürcüstan istehsalına da tələbat artıb. Nəticədə yerli istehsal genişlənib, eyni zamanda keyfiyyət amillərinə daha çox diqqət yetirilib”, – deyə o, qeyd edib.

Asif İbrahimov vurğulayıb ki, statistik göstəricilərə əsasən, Azərbaycanın şəkər ixracı Gürcüstanla müqayisədə 54–55 dəfə çoxdur. Bu baxımdan Gürcüstanda istehsal olunan şəkərin həcmi Azərbaycan bazarına ciddi təsir göstərəcək səviyyədə deyil. Onun sözlərinə görə, hər hansısa ölkənin məhsulunun Azərbaycanda qiymətlərə təsir etməsi üçün ilk növbədə daxili bazarı təmin edəcək qədər böyük istehsal gücünə malik olması vacibdir.

Ekspert logistika və coğrafi yaxınlıq amilinə də toxunub. Bildirib ki, Gürcüstan Azərbaycanın qonşusu olduğu üçün logistik baxımdan idxal daha ucuz başa gələ bilər. Lakin bu üstünlük gömrük rüsumları və digər xərclərlə balanslaşır.

“Məsələn, başqa ölkədə 9 manata olan məhsul gömrük və əlavə xərclər səbəbindən Azərbaycanda daha baha satıla bilər”, – deyə o əlavə edib.

İqtisadçı eyni zamanda istehlakçı davranışının da mühüm rol oynadığını vurğulayıb. Onun fikrincə, Azərbaycan bazarında uzun illərdir yerli istehsal olunan, eləcə də Türkiyədən idxal edilən şəkər məhsulları üstünlük təşkil edir. Gürcüstandan gətirilən şəkərin bazarda pay qazanması üçün istehlakçı seçimi, keyfiyyət və qiymət amilləri həlledici olacaq.

Nəticə etibarilə, Asif İbrahimov hesab edir ki, Gürcüstanın şəkər ixracındakı artım yaxın perspektivdə Azərbaycanda bu məhsulun kəskin ucuzlaşmasına səbəb olmayacaq. Əksinə, mövcud şərtlər nəzərə alındıqda qiymətlərdə ciddi dəyişiklik gözlənilmir və bahalaşma ehtimalı da tam istisna olunmur.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
65
2
konkret.az

3Mənbələr