Bakı, 9 yanvar, Anara Axundova, AZƏRTAC
AZƏRTAC Türk dünyası ölkələrinin nümayəndələri ilə müsahibələr silsiləsini davam etdirir. Növbəti qonağımız sovet, rus və çuvaş alim-musiqişünas, sənətşünaslıq üzrə doktor, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, çuvaş xalq musiqi sənəti nəzəriyyəsi üzrə elmi məktəbin banisi professor Mixail Kondratyevdir.
Musiqişünas çuvaş musiqi mədəniyyətinin xüsusiyyətləri və onun Azərbaycan musiqi ənənələri ilə əlaqələri, həmçinin türk musiqisinin dünyada tanıdılması üçün görülməli işlər barədə danışıb.
“Türk dünyası ölkələri və xalqları eyni böyük dil ailəsinə mənsubiyyətdə birləşsələr də, onların tarixi və mədəniyyətləri fərqlidir. Məsələn, çuvaşlar yeni eranın əvvəllərinə, təxminən II–III əsrlərə aid olan prototürk ləhcəsinin ən qədim variantını qoruyub saxlayıblar. Hazırda onlar türk dillərinin bulqar qrupuna aid edilirlər. Çuvaş, eləcə də qonşu tatar və başqırd musiqilərində pentatonika üstünlük təşkil edir ki, bu da türklərin əksəriyyətinə demək olar, yaddır. Lakin çuvaş mahnısının uzaq mənşəyində çinlilərin və Şərqi Asiya, Cənubi Sibir xalqlarının, məsələn, altaylıların və tuvalıların pentatonikası ilə əlaqə tapmaq mümkündür.
Azərbaycan və çuvaş musiqiləri arasında kvantitativ tipli ritmika baxımından ümumilikdən də danışmaq olar. Doğrudur, bu ritmikanın formaları fərqlidir. Azərbaycanlılarda bu, ərəb əruzu vəzninə əsaslanan şeir sistemi ilə bağlıdır, çuvaşlar isə əruzu tanımırlar və onların mahnı ritmikası daha çox Hindistan musiqisinə bənzəyir”, – deyə həmsöhbətimiz bildirib.
Professor Kondratyev türk xalqlarının etnomədəni və musiqi ənənələrinin son dərəcə zəngin və müxtəlif olduğunu vurğulayıb. Onun fikrincə, türk musiqisini dünyada tanıtmaq üçün hər bir xalqın mədəniyyətini yüksəltmək, ifaçılıqda özünəməxsus ənənələri dəstəkləmək və onların müasir səs mühitinə inteqrasiyasını təmin etmək lazımdır.
“Festivallarda və konsertlərdə türk musiqi mədəniyyətlərinin bütün rəngarəngliyini onları kontrast prinsipi üzrə qarşılaşdırmaqla nümayiş etdirmək və bununla da Türk dünyasının nə qədər zəngin olduğunu göstərmək lazımdır. Eyni zamanda, zahirən bir-birinə bənzəməyən musiqi hadisələrinin dərinliyində ümumi cəhətləri tapmaq mümkündür. Biz Volqaboyunda daha çox tatarlarla ünsiyyətdəyik, birgə tədbirlər, festivallar və konsertlər keçiririk.
Sovet dövründə Azərbaycanda da olmaq imkanım olub. Şuşa şəhərində, Üzeyir Hacıbəylinin vətənində yerləşən sanatoriyada istirahət etmişəm, musiqinin möhtəşəm ifasını dinləmişəm. Ritm haqqında kitabımda Əkrəm Cəfərin və Ramiz Zöhrabovun təsniflərə dair əsərlərindən istifadə etmişəm”, – deyə musiqişünas qeyd edib.
Alim-musiqişünas, həmçinin qloballaşma dövründə kütləvi məhsullar axınında itib-batmamağın vacibliyini vurğulayıb: “Buna yalnız hər bir xalqın ən istedadlı bəstəkarları və ifaçıları qadirdir. Onlar folklor və peşəkar xalq musiqisindən tutmuş ən yüksək akademik janrlara – opera və simfoniyaya qədər bütün növ və janrlarda fəaliyyət göstərməlidirlər. Türk musiqi mədəniyyətlərinin inkişafının xüsusi forması təkcə öz xalqının deyil, digər xalqların da əsərlərini öyrənmək və təcrübə mübadiləsi aparmaqdır”.