Bakı, 9 yanvar, AZƏRTAC
İnlenza A-nın ilkin əlamətləri kimi 38-40 dərəcə aralığında yüksək hərarət, əzələ və baş ağrısı, halsızlıq, quru öskürək, körpə uşaqlarda ishal və qusma müşahidə oluna bilər. Təşvişə düşməkdənsə, həkimə müraciət edib, daha sıx əlaqədə olmaq lazımdır ki, lazımsız dərmanlardan istifadə olunmasın. Çünki viral infeksiyalarda antibiotiklərin heç bir faydası yoxdur. Həkimlə sıx ünsiyyətdə olan valideynlərin uşaqlarında heç bir ağırlaşmalar olmur. Çünki ilk gündən artıq lazımi tədbirləri görürük, 3-5 gün ərzində tam yaxşılaşma əldə edilir. Sadəcə, özbaşına verilən dərmanlar, heç bir tədbir görülmədən xəstyəliyin keçəcəyini gözləmək ağırlaşmalar yarada bilər.
Bunu AZƏRTAC-a açıqlamasında 1 nömrəli uşaq poliklinikasının sahə həkimi, pediatr İlhamə Rəsulova deyib.
“Şahidi oluruq ki, valideynlər özbaşına antibiotiklərdən istifadə edirlər. Xəstəliyin hər hansı bir əlamətini özündə, övladında görən şəxslər mütləq şəkildə ən birinci təcrid olunmalıdırlar. Həmin simptomlar olan uşaqlar məktəbə, bağçaya göndərilməməlidirlər. Yataq rejiminə əməl olunmalı, bol maye, vitaminli qidalar qəbul edilməlidir. Ehtiyac duyulduqda ağrıkəsici və hərarətsalıcılardan istifadə olunur. Antibiotik yalnız həkim məsləhəti ilə bakterial infeksiya olarsa, verilə bilər. Belə vəziyyətdə antivirallar çox yaxşı kömək edir, lakin bunların da istifadəsi mütləq şəkildə yalnız həkim təyinatı ilə ola bilər”- deyə İ.Rəsulova qeyd edib.
Peditar sağaldıqdan sonra uşaqların bərpa prosesinə dair tövsiyələrini də verib: “İstənilən infeksiyadan sonra orqanizm zəifləyir, iştahasızlıq, halsızlıq davam edir. Məktəblilərdə diqqət dağınıqlığı olur, dərsə davamiyyət zəifləyir. Bunun üçün ilk öncə uşaqların qidalanmasına fikir vermək lazımdır. Qidalanmada fastfudlar əvəzinə, evdə hazırlanmış bol vitaminli tərəvəzli suplardan və içkilərdən istifadə edilməlidir. Həkim təyinatı ilə vitamin kompleksindən istifadə oluna bilər. Uşağın otağı mütləq şəkildə tez-tez havalandırılmalı, azyaşlı təmiz havada çox olmalıdır. Eyni zamanda, çox insan olan yerlərə getməkdən çəkinmək lazımdır ki, uşaq təkrar virusa yoluxmasın”.