Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Azərbaycanda təhsil sahəsində kağız sənədlərdən imtina edilməsi və rəqəmsal sistemə keçidlə bağlı qəbul olunan yeni qaydalar bu sahədə ciddi islahatların başlanğıcı kimi qiymətləndirilə bilər. Bu dəyişikliklər təhsilin idarə olunmasında şəffaflığın artırılması, xidmətlərin sürətləndirilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədi daşıyır".Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib. O, bildirib ki, yeni qaydalara əsasən diplomlar, attestatlar, sertifikatlar və digər təhsil sənədləri artıq elektron formatda təqdim ediləcək və hüquqi qüvvəyə malik olacaq:"Bu sənədlər Təhsilin Mərkəzləşdirilmiş İnformasiya Sistemi vasitəsilə yaradılacaq və Elektron Hökumət platforması üzərindən yoxlanıla biləcək. İstənilən şəxs sənədin doğruluğunu xüsusi kod vasitəsilə onlayn şəkildə təsdiqləyə biləcək. Məzunlar isə sənədlərini şəxsi elektron kabinetlərindən istədikləri vaxt əldə edə, paylaşa və lazım gəldikdə çap edə biləcəklər".Ekspert bildirib ki, kağız jurnalların və ənənəvi sənəd dövriyyəsinin ləğvi məktəblərdə və ali təhsil müəssisələrində idarəetməni xeyli asanlaşdıracaq:"Qiymətlər, davamiyyət və digər göstəricilər artıq elektron platformalar üzərindən izlənəcək. Bu da həm valideynlərin, həm də şagirdlərin prosesə daha rahat nəzarət etməsinə imkan yaradacaq. Rəqəmsal idarəetmə eyni zamanda şəffaflığı və hesabatlılığı gücləndirir. Bütün məlumatlar vahid sistemdə toplanacaq, avtomatik şəkildə emal olunacaq və qərarvermə prosesində daha dəqiq statistikaya əsaslanmaq mümkün olacaq. Saxtakarlıq və sui-istifadə halları minimuma enəcək".Onun sözlərinə görə, bununla yanaşı, rəqəmsal keçid müəyyən çətinliklər də yarada bilər:"Müəllimlərin, tələbələrin və idarəetmə heyətinin yeni texnologiyalara uyğunlaşması üçün təlimlərə ehtiyac var. Xüsusilə regionlarda internet və texniki imkanların yaxşılaşdırılması vacibdir. Həmçinin illərdir kağızla işləməyə öyrəşmiş insanların rəqəmsal sistemlərə keçidi zaman ala bilər. Ümumilikdə isə yeni qaydalar Azərbaycan təhsil sistemini daha müasir, çevik və şəffaf bir mərhələyə daşıyır. Bu islahatlar düzgün tətbiq olunarsa, həm təhsil müəssisələrinin işi asanlaşacaq, həm də vətəndaşlar üçün daha rahat və etibarlı bir xidmət mühiti formalaşacaq".Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.