AZ

Metroda gediş haqqı sistemi dəyişdirilə bilər

"Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli tarif dəyişikliklərindən danışarkən bildirib ki, metroda gedişhaqqının sərnişinin qət etdiyi məsafəyə görə hesablanması gündəmdədir. Bəs bu halda ödəniş mexanizmi necə tətbiq olunacaq və yeni sistem vətəndaşlar üçün daha sərfəli olacaq? Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Metbuat.az-a açıqlamasında bildirib ki, hazırda metroda məsafəyə uyğun qiymət təklifinin irəli sürülməsi bir qədər tələsik səslənən fikir təsiri bağışlayır: “Çünki metro şəbəkəsi hələ yetərincə geniş deyil. Şəbəkə genişləndikdən, xüsusilə də dairəvi metronun şəhərdaxili hərəkəti ən azı yaşıl xətt üzrə təmin olunduqdan sonra bu məsələni gündəmə gətirmək daha real görünə bilər. Hazırkı vəziyyətdə isə metro şəbəkəsi o qədər də böyük deyil və bu çərçivədə fərqli qiymət mexanizminin tətbiqini real hesab etmirəm”. R.Ağamirzəyevin sözlərinə görə, brutto kontraktlara tam keçiddən sonra gediş haqqı paketlərindən istifadə olunacaq: “Artıq bu mərhələyə artıq qədəm qoyulur. Dünyanın bir çox ölkəsində olduğu kimi günlük, aylıq və illik bilet paketləri təklif olunur. Güzəştli qruplar — tələbələr, təqaüdçülər, müharibə veteranları üçün ayrıca tariflər müəyyənləşdirilir. Eyni zamanda, uzaq məntəqələrdən gələn sərnişinlər üçün 90 dəqiqəlik xüsusi tranzit vaxtı tətbiq edilir ki, bu da xərclərin optimallaşdırılması baxımından daha səmərəli yanaşmadır. Bu modeli daha doğru hesab edirəm və məhz bu istiqamətdə daha sürətli addımlar atılmalıdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
21
1
metbuat.az

2Mənbələr