Suriya Daxili İşlər Nazirliyi (DİN) Hələbdə "Cabir" ləqəbi ilə tanınan İŞİD terror təşkilatının hərbi rəhbərlərindən biri olan Nabiq Zəki əl-Kutmişin saxlanıldığını bəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə "SANA" məlumat yayıb.
Məlumata görə, onun saxlanılması iki gün əvvəl Hələb vilayətində həyata keçirilən əməliyyat nəticəsində baş tutub.
Qurumun məlumatına əsasən, xüsusi bölmələr onun sığınacağına basqın ediblər. Birbaşa toqquşmadan sonra təhlükəsizlik qüvvələri obyektə nəzarəti ələ keçirib və şəxsi heyət arasında itki olmadan terrorçunu həbs ediblər. Saxlanılan şəxsin üzərində istifadəyə hazır "kamikadze kəməri", həmçinin bir neçə silah aşkarlanıb.
DİN vurğulayıb ki, əl-Kutmiş İŞİD-in ən vacib hərbi liderlərindən biri hesab olunur və o, Suriya ərazisində bir sıra terror aktlarını planlaşdırıb, hücumlara rəhbərlik edib.
Onun Hələbdəki kilsələrdən birinə hücum cəhdinə görə də məsuliyyət daşıdığı bildirilib.