AZ

Bəhram Məmmədlinin xatirəsinə həsr olunan yubiley tədbiri keçirilib

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yanvarın 9-da Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyində bu mədəniyyət ocağının yaradıcısı və ilk direktoru, tanınmış tarixçi-alim, Əməkdar müəllim, tarix üzrə fəlsəfə doktoru Bəhram İdris oğlu Məmmədlinin anadan olmasının 80 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib.

Reyting.az xatırladır ki, Bəhram Məmmədli 2019-cu ildə vəfat edib. O, 1981-ci ildə Füzuli Tarix-Diyarşünaslıq Muzeyini yaradıb və uzun illər bu muzeyə rəhbərlik edib.

Tədbirdə elm və mədəniyyət xadimləri, rayon ziyalıları, ictimaiyyət nümayəndələri, muzey əməkdaşları, mərhumun ailə üzvləri, həmkarları və tələbələri iştirak ediblər.

Tədbirin əvvəlində çıxış edən Füzuli Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nailə Əsədli bildirib ki, muzeyçilik sənətini ona məhz Bəhram Məmmədli sevdirib. O qeyd edib ki, muzeydə ilk əmək fəaliyyətinə də birbaşa Bəhram Məmmədlinin təşəbbüsü ilə başlayıb. Nailə Əsədli vurğulayıb ki, bu gün rəhbərlik etdiyi muzey Bəhram Məmmədlinin zəngin elmi və mənəvi irsinin davamıdır.

Daha sonra çıxış edənlər Bəhram Məmmədlinin Füzuli rayonunun tarixi-mədəni irsinin qorunması istiqamətində gördüyü misilsiz işlərdən, tarixçi alim və pedaqoq kimi elmə və maarifçiliyə verdiyi töhfələrdən danışıblar.

Xüsusilə qeyd olunub ki, 1993-cü ildə Füzuli rayonunun işğalından bir neçə gün əvvəl Bəhram Məmmədli ağır və təhlükəli şəraitdə muzeyin eksponatlarını şəhərdən çıxararaq İstiqlal Muzeyinə təhvil verib və bununla da yüzlərlə nadir tarixi eksponatı məhv olmaqdan xilas edib.

Əməkdar artist Nizami Abdullayev çıxışında Bəhram Məmmədlinin həm peşəkar muzeyçi, həm də yüksək insani keyfiyyətlərə malik ziyalı olduğunu vurğulayıb, eksponatların 1993-cü ildə çıxarılması zamanı yaşanan çətin məqamları xatırladıb.

Muzeyin ilk əməkdaşlarından biri olan Mədinə xanım bildirib ki, muzey ilkin dövrlərdə cəmi bir otaqda fəaliyyət göstərib, eksponatların tapılıb toplanması böyük zəhmət tələb edib və bu işlərin əsas yükü Bəhram Məmmədlinin üzərinə düşüb.

Tədbirin gedişində Bəhram Məmmədlinin müxtəlif tədbirlərdəki çıxışları, eləcə də dövlət televiziyasına verdiyi müsahibələrdən ibarət videomateriallar nümayiş etdirilib.

Çıxışlarda vurğulanıb ki, Bəhram Məmmədli təkcə alim və muzey yaradıcısı deyil, həm də şəhid atasıdır.

Füzuli rayon Mədəniyyət Evinin bədii rəhbəri Elçin Əsədov çıxışında qeyd edib ki, Bəhram Məmmədlinin ən böyük mənəvi irsi onun yetişdirdiyi tələbələr və muzeyə toplayaraq qoruduğu eksponatlardır. O bildirib ki, Bəhram Məmmədli muzeyin eksponatlarını şəhərdən çıxardığı halda, öz ev əşyalarını belə çıxarmayıb, bütün diqqətini milli-mədəni irsin qorunmasına yönəldib.

Digər çıxışçılar da mərhumun muzeyçilik sahəsindəki fədakar fəaliyyətindən, tarixçi alim kimi Azərbaycan elminə verdiyi töhfələrdən danışıblar.

Tədbirin sonunda söz Bəhram Məmmədlinin övladı Elmin İdrisliyə verilib. Elmin İdrisli çıxış edərək tədbirin təşkilinə və iştirakına görə minnətdarlığını bildirib, atasının elmi, mədəni və muzeyçilik fəaliyyəti barədə danışıb. O, 33 ildən sonra Füzuli Tarix-Diyarşünaslıq Muzeyinin açarını rəsmi olaraq muzeyə təqdim edib. Bu addım tədbir iştirakçıları tərəfindən böyük hörmət və duyğu ilə qarşılanıb.

Yubiley tədbiri musiqi proqramı ilə davam edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
1
reyting.az

2Mənbələr