
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer paytaxt Berlində 5 gün davam edən elektrik kəsintisindən sonra ölkə infrastrukturunun hücumlara və fəlakətlərə qarşı qorunması üçün daha çox tədbir görülməsinin vacib olduğunu bildirib.
Prezident Ştaynmayer Bellevue Sarayında kabinə üzvləri, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və əyalətlərdən dəvət olunan fəal vətəndaşlarla yeni il qəbulu keçirib.
Ştaynmayer çıxışında ekstremist solçu Vulkan Qrupu tərəfindən elektrik kabellərinə edilən hücuma diqqət çəkərək “Almaniyada infrastrukturumuzu hücumlara və fəlakətlərə qarşı qorumaq üçün daha çox iş görməli və ümumilikdə daha güclü olmalıyıq” bildirib.
Almaniya Prezidenti bunun siyasətin dərhal həll etməli olduğu vacib bir vəzifə olduğunu vurğulayıb.
Elektrik kəsintisindən xüsusilə yaşlı və baxıma ehtiyacı olan şəxslərin təsirləndiyini qeyd edən Ştaynmayer “Özümə sual verirəm: Kim belə alçaldıcı və düşünülməmiş bir hücum həyata keçirmək fikrinə düşə bilər? On minlərlə insan, uşaqlar, yaşlılar, xəstələr və baxıma ehtiyacı olanlar da daxil olmaqla, buz kimi soyuqda günlərlə elektrik, işıq və isitmə olmadan yaşamağa məcbur oldu. Biz hamımız zərərçəkmiş məhəllələrdən gələn görüntü və xəbərləri izlədik” deyə əlavə edib.
Ştaynmayer həmçinin elektrik kəsintisi zamanı fəaliyyət göstərən polis, yanğınsöndürən və texniki yardım təşkilatlarına təşəkkürünü bildirib.