Bakı, 9 yanvar, Pərvanə Qafarova, AZƏRTAC
Hesab edirəm ki, “Azərkosmos” şirkətinin son 10 ildə keçdiyi yol uğurludur və milli layihənin regional liderliyə transformasiyasının əyani nümunəsidir. Peyk rabitəsi sahəsində milli layihələr, bir qayda olaraq, daxili bazara yönəlir və ölkə daxilində rəqəmsal uçurumun aradan qaldırılması məqsədilə dövlət üçün infrastruktur aktivi rolunu oynayır. Regionda bu cür uğurlu nümunələr çox deyil və Azərbaycan onlardan biridir.
Bu fikirləri AZƏRTAC-a eksklüziv müsahibəsində Beynəlxalq Kosmik Rabitə Təşkilatı “İntersputnik”in baş direktoru Kseniya Drozdova bildirib.
Onun sözlərinə görə, “Azərkosmos” təcrübəsinin unikallığı şirkətin xarici bazarlarda, xüsusən Cənubi Qafqazda, Xəzər regionunda, Mərkəzi Asiyada, eləcə də Yaxın Şərq və Saxaradan cənubdakı Afrika ölkələri daxil olmaqla, daha geniş coğrafiyada misilsiz uğur qazanmasındadır: “Bundan əlavə, qeyd etmək vacibdir ki, ilkin olaraq peyk rabitəsi operatoru kimi yaradılmış “Azərkosmos” kosmik xidmətlər portfelini ardıcıl şəkildə şaxələndirərək, Yer müşahidəsi və məsafədən zondlama istiqamətlərini inkişaf etdirir”.