Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı fələstinlə bağlı bir daha azərbaycanın prensipial, beynəlxalq hüquqa əsaslanan yanaşmasını xatırlatdı. Bildirdi ki, Qəzza sektoru ilə bağlı müraciətlər daxil olsa da, hər hansı qərar vermək üçün əməliyyatların mandatı və mahiyyəti aydın olmalıdır. Başqa sözlə, Azərbaycan sülhə məcburetmə xarakterli əməliyyatlarda iştirak etmir və bu mövqe dəyişməz olaraq qalır.
Prezident İlham Əliyev eyni zamanda qeyd etdi ki, ərəb ölkələrinə aid məsələlər ilk növbədə ərəb dövlətləri tərəfindən həll olunmalıdır. Dövlət başçısının açıqlaması ilə Azərbaycanın Qəzza və Fələstin məsələsinə münasibəti bir daha dəqiq çərçivəyə salınıb.
Xezerxeber.az-ın xəbərinə görə, millət vəkili Rasim Musabəyov bildirib ki, Qəzza ilə bağlı əsas məsuliyyət region ölkələrinin üzərinə düşür. Ölkə başçısının da dediyi kimi, bu məsələdə ilk növbədə ərəb dövlətləri təşəbbüs göstərməlidir.
Beləliklə, Azərbaycan beynəlxalq hüquqa, humanitar prinsiplərə və öz milli maraqlarına əsaslanan mövqeyini dəyişməz saxlayır. Dövlət başçısının vurğuladığı kimi, ölkə vətəndaşlarının təhlükəsizliyi və həyatı hər zaman prioritet olaraq qalır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.