AZ

Deputat Elçin Əlibəylini tənqid etdi: CAVAB GECİKMƏDİ - SKANDAL

Son günlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan toy qalmaqalı ətrafında növbəti açıqlama gəlib.

Deputat Razi Nurullayev jurnalist Elçin Əlibəylini sərt tənqid edərək ona ünvanlanan iradlara sosial media hesabında cavab verib:
Razi Nurullayev Partiyasının adını DƏYİŞDİ | Modern.az
“Baku TV-də jurnalist Elçin Əlibəyli reytinq naminə nala-mıxa vurur. Qardaşım oğlu başqa ölkənin vətəndaşıdır, qohum olduğu ailə də başqa ölkənin vətəndaşıdır. Qərar verib 50 nəfərlik toy ediblər. Mən parlamentdə toylarda israfçılığa və yüksək səsə qarşı çıxış etmişəm və bu gün də mövqeyim dəyişməyib. Qardaşım oğlunun toyunda nə israfçılıq olub, nə də yüksək səs. Digər tərəfdən, qardaşım oğluna görə məsuliyyət daşımıram. Maraqlıdır, Elçin Əlibəyli öz qardaş-bacılarına, əmisioğlu, dayısıoğlu, xalaoğlu, bibioğlu və sair qohumlarına görə məsuliyyət daşıyırmı? Axı o da efirdən hamıya dərs keçməyə çalışır...”
Millət vəkili fikrini belə davam etdirib: “Bizim qanunvericilikdə qohumlara görə ictimai xadimin, vəzifəli şəxsin və ya ziyalının məsuliyyət daşıması varmı? Başqa sözlə, gənclərin toyu olub, xoşbəxt olmaq istəyiblər. 25–30 il toy arzusu ilə yaşayıblar və hər kəs kimi həddi-buluğa çatıb evləniblər. Toy edənlərə ‘xoşbəxt olun’, ‘Allah mübarək eləsin’, ‘oğullu-qızlı olun’ deyərlər. Siz isə nə edirsiniz? Biriniz ucuz reytinq naminə, biriniz baxış sayı üçün, biriniz paxıllıqdan, biriniz qərəzdən, biriniz isə öz həyatınızın bütün mərhələlərində uğursuz olduğunuz üçün nifrət və qərəz püskürürsünüz. Onlar xoşbəxt olmaq üçün toy ediblər. Siz isə bu sevinci gözlərindən tökdünüz. Heç vicdan əzabı çəkirsinizmi? Heç olmasa Allahdan qorxun ki, o da sizin xoş gününüzdə sizə əzab yaşatmasın”.
Xatırladaq ki, bir neçə gün öncə azərbaycanlı iş adamı Dubay şəhərində oğluna təmtəraqlı toy mərasimi keçirib. Mərasimdən çəkilmiş görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlardan aydın olur ki, toy yüksək səviyyədə və olduqca dəbdəbəli şəkildə təşkil olunub. Məclisdə Azərbaycanın Xalq artisti Aygün Kazımova, müğənni Nəsimi Məmmədov və digər tanınmış simalar səhnə alıblar. Toya aparıcılığı isə məşhur televiziya aparıcısı Nanə Ağamalıyeva edib. Dubayın məşhur “Ritz-Carlton” hotelində keçirilən toy deputat Razi Nurullayevin qardaşı, tikinti maqnatı kimi tanınan Hasil Nurullayev tərəfindən təşkil edilib. Məclisin sonunda məkanın səviyyəsinə uyğun olaraq möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.
Məsələ ilə bağlı Elçin Əlibəylinin mövqeyi də öyrənilib.

O, Musavat.com-a açıqlamasında qısa və konkret cavab verib: “Bununla bağlı fikir bildirməyəcəyəm. Sadəcə onu deyə bilərəm ki, iki saatlıq verilişimiz olub və mövzu ilə bağlı deyiləsi nə varsa, orada səsləndirilib. Əlavə şərh verməyəcəyəm”.

Seçilən
22
yenilik.az

1Mənbələr