“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin böyük oğlu Bruklin Bekhem valideynlərinin onunla yalnız hüquqi nümayəndələri vasitəsilə əlaqə saxlamasında israr edib.
90deqiqe.Az-ın "The Sun"a istinadən məlumatına görə, Bruklin Devid və Viktoriya Bekhemə rəsmi hüquqi bildiriş göndərərək, eyni zamanda onların sosial şəbəkələrdə onunla hər hansı ünsiyyətdən çəkinməsini tələb edib.
Bu addımın formal səbəbi mediada yayımlanan bir sıra materiallar olub. Bruklin Bekhem və həyat yoldaşı Nikola Peltz Bekhem həmin yazıları onların nüfuzuna xələl gətirən məzmun kimi qiymətləndiriblər. Cütlüyün fikrincə, bu materiallarda Bruklinin həyat yoldaşının həddindən artıq təsiri altında olduğu barədə eyhamlar yer alıb.
Qeyd edək ki, daha əvvəl Bruklin Bekhemin valideynlərini sosial şəbəkələrdə blokladığı barədə məlumat yayılmışdı. Bildirilirdi ki, valideynlərin paylaşımlar altındakı sadə bəyənmələri belə ictimai müzakirələrə səbəb olurdu ki, bu da cütlüyün şəxsi həyatlarını qorumaq istəyi ilə ziddiyyət təşkil edirdi. Bununla belə, Bruklinin nənə-babası və ailənin digər üzvləri bloklanmayıb və onun paylaşımlarına mütəmadi olaraq şərh yazırlar.