Azərbaycan Yazıçılar Birliyində üzvlük haqqı məsələsi yenidən gündəmə gəlib. AYB sədri Anarın beş ildən artıq ödəniş etməyən üzvlərin xaric ediləcəyi ilə bağlı açıqlaması yazıçı camiəsində narazılıq doğurub.
NOCOMMENT.az xəbər verir ki, bu mövzuya münasibət bildirən yazıçı Almaz Ərgünəş Beyazid həm narazılığını, həm də AYB-nin fəaliyyətinə dair iradlarını açıq şəkildə dilə gətirib:
“Mən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüyəm. Oxuyuram ki, Anar müəllim beş ildən artıq üzvlük haqqını ödəməyənlərin AYB-dən çıxarılmasını tələb edəcək. Doğrusu, onun belə bir açıqlama verməsinə inanmağım gəlmir. Əgər istedadsız, minbir fırıldaqla ədəbiyyata soxulan ‘arvad və kişilər’in AYB-dən kənarlaşdırılmasını desəydi, buna çox sevinərdim. Üzvlük haqqı elə də böyük məbləğ deyil – ildə cəmi 15 manatdır.
Şəxsən mən də beş ildir ödəməyənlərin siyahısındayam. Bu gedişlə, demək, 75 manata görə AYB-dən çıxarılacağam. Bu məbləği ödəmək mənim üçün çətin deyil, sadəcə fərqinə varmamışam. Necə ki, AYB də mənim yubileylərimin fərqinə varmayıb, adi bir təbrik belə etməyib. Yalnız Milli Məclisdən Fazil Mustafanın rəsmi təbrikini almışam. Kitabımın təqdimatı keçirilməyib, dövlət səviyyəli tədbirlərdə adım çəkilməyib. Onlara pul ödəmək də mənim ‘yadıma düşməyib’. Yəni mənim AYB-dən umacağım olmadığı kimi, AYB-nin də məndən umacağı olmamalıdır. Baxmayaraq ki, AYB-nin bütün əməkdaşları mənə yaxın və doğma insanlardır, bunları deməsəydim, günah olardı”.
Qeyd edək ki, AYB sədri, yazıçı Anar İqtisadiyyat.az-a açıqlamasında üzvlük haqqını ödəməyənlərin Azərbaycan Yazıçılar Birliyindən xaric ediləcəyini deyib. Onun sözlərinə görə, beş ildən artıq üzvlük haqqını ödəməyən şəxslər AYB-dən çıxarılacaqlar. Bununla bağlı sonuncu dəfə sabah rəsmi yazılı xəbərdarlıq elan olunacaq.
Yazıçı Anar bildirib ki, üzvlük haqqını bir, iki, üç və ya dörd il ərzində ödəməyənlər olsa da, təşkilat hələlik yalnız beş ildən artıq ödəməyənlərin xaric edilməsi qərarını verib.
O, həmin şəxslərə fevralın 1-dək ödəniş etmələri üçün yenidən fürsət verildiyini də vurğulayıb: “Onlara hələ də vaxt veririk. Amma ödəməsələr, bu o deməkdir ki, onlar Azərbaycan Yazıçılar Birliyinə lazım deyil”.
Anar üzvlük haqqının ödənilməməsinin səbəblərinə də toxunub:“Elələri var ki, Yazıçılar Birliyindən hər şeyi qoparmaq istəyirlər, amma ildə 15 manat verməyə qıymırlar”.
AYB sədri bildirib ki, üzvlük haqları təşkilatın zəruri xərclərinə yönəldilir və maaşlara, qonorarlara təsir edə bilər: “Yığılan vəsait mükafatlara, kitab çaplarına xərclənə bilər. Yazıçılar Birliyinin 3000 üzvü var, onlardan 2500 nəfəri üzvlük haqqını ödəmir. İldə 15 manat nədir ki, onu da ödəmirlər? Dövlət maliyyə yardımı olmasa, yalnız üzvlük haqqı ilə dolanmaq mümkün deyil. 500 nəfərin ildə 15 manatı ilə təşkilatı saxlamaq olarmı?”
Musavat.com