Devalvasiyalardan sonra manatın nisbətən zəifləməsi və iş yerlərində ixtisarların ardından işsizlərin sayının çoxalması ilə bağlı banklara borcu olanlar çətin vəziyyətə düşüb.
Aylıq ödənişi etməkdə çətinlik çəkən vətəndaşlar çıxış yolunun nədə olması və öz hüquqları barədə az məlumatlıdırlar.

Ümumiyyətlə, banklar müxtəlif üsullar – aşağı faiz dərəcələri, daha uzun ödəniş müddəti və kiçik məbləğli aylıq ödənişlər vasitəsilə insanları kredit götürmək üçün həvəsləndirməyə çalışırlar. Lakin əksər hallarda kredit götürən insanın sevinci uzun çəkmir. O bilir ki, artıq 1 neçə il müddətində hər ay banka qazandığın pulun bir qismini ödəməli olacaq.
Bəs banka borclu olan şəxslərə hansısa jest edilməsi mümkündürmü?
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Tağı Hüseynov bildirib ki, əgər insanın iradəsindən asılı olmayan bir hal baş verirsə, təbii ki, bu zaman ödənişin təxirə salınması mümkündür:

“Məsələn, elə hallar ola bilər ki, baş verənlər şəxsin iradəsindən kənar olur. Tutaq ki, tufan baş verib, iş yerləri bağlanıb və hərəkət imkanı məhdudlaşıb, yaxud da şəxs xəstəxanadadır. Bu kimi hallar artıq iradədən asılı olmayan səbəblər sayılır”.
“Bundan əlavə, qanunvericilikdə nəzərdə tutulan digər əsaslı hallar zamanı da borc öhdəliklərinin və ya kredit ödənişlərinin müəyyən müddətə təxirə salınması mümkündür”, – ekspert vurğulayıb.