“Arsenal” klubunun yarımmüdafiəçisi Deklan Rays sürət həddini bir həftə ərzində iki dəfə aşdığı üçün 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Məlumata görə, futbolçu ilk dəfə 3 yanvar tarixində qayda pozuntusuna yol verib. O, Londonun cənub-qərbində, Serri qraflığında yerləşən malikanəsinin yaxınlığındakı şossedə sürət həddi 48 km/saat olan ərazidə avtomobili 60 km/saat sürətlə idarə edib. Cəmi beş gün sonra – 8 yanvarda Rays eyni yolda yenidən saxlanılıb. Bu dəfə isə sürət həddi 64 km/saat olan hissədə 79 km/saat sürətlə hərəkət edib.
Qayda pozuntularına görə Deklan Rays 6 ay müddətinə sürücülük vəsiqəsindən məhrum olunub, həmçinin ona 2185 funt sterlinq məbləğində cərimə tətbiq edilib.
Qeyd edək ki, cari mövsümdə Rays “Arsenal”ın heyətində bütün turnirlər üzrə 28 matçda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.