Kərə yağının idxal rüsumuna tətbiq edilən güzəşt artıq qüvvədən düşüb. Belə ki, 2017-ci ildən bəri 5% səviyyəsində tətbiq olunan idxal rüsumu bu ildən yenidən 15%-ə qaldırılıb.
Publika.az İctimai TV-yə istinadən xəbər verir ki, paytaxt marketlərində aparılan araşdırma nəticəsində məlum olub ki, hazırda kərə yağının qiymətində ciddi artım müşahidə olunmur.
Mövcud satış qiymətləri barədə məlumat verən satıcı bildirib:
"Qiymətlər 4-5 ay əvvəl qalxmışdı. Alıcılar daha çox Yeni Zelandiya və yerli istehsal olan məhsullara üstünlük verirlər. Hazırda kərə yağının qiyməti 14 manatdan başlayaraq 30 manata qədər dəyişir".
Kərə yağı Azərbaycanda istehlak səbətinə daxil olan əsas ərzaq məhsullarından biridir. Rəsmi statistikaya görə, ölkədə kərə yağına illik tələbat 38-40 min tondur. Azərbaycan bu məhsulu ən çox Yeni Zelandiya, Belarus və Ukraynadan idxal edir.