BAKI, 10 yanvar. TELEQRAF
Vatikan ABŞ hakimiyyətindən Venesuela Prezidenti Nikolas Maduronun ölkəni tərk edərək Rusiyaya getməsinə imkan yaradılmasını xahiş edib.
Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.
Məlumata görə, Vatikanın dövlət katibi, kardinal Pyetro Parolin Vaşinqton administrasiyasına Venesuelada mümkün əməliyyatın keçirilməsində tələsməməyi tövsiyə edib. Kardinal bunun respublikada vəziyyətin sabitliyinin pozulmaması və qan tökülməsinin qarşısının alınması məqsədi daşıdığını bildirib.
Qəzetin mənbələrinə əsasən, Parolin dekabrın sonlarında ABŞ-nin Vatikandakı səfiri Brayan Börçlə görüşərək Vaşinqtonun Venesuela ilə bağlı planları və ABŞ-nin ölkədə hakimiyyət dəyişikliyinə nail olub-olmaq istədiyi ilə maraqlanıb. Bildirilir ki, kardinal bir neçə gün ərzində ABŞ dövlət katibi Marko Rubio ilə əlaqə yaratmağa çalışıb.
Məqalədə qeyd olunur ki, Parolin ABŞ Prezidenti Donald Tramp administrasiyasından Nikolas Maduraya ölkəni tərk etməyi təklif etməyi və bu qərarı qəbul etməsi üçün səbirli davranmağı xahiş edib. WP-nin iddiasına görə, kardinal Maduronun Rusiyada sığınacaq ala biləcəyini də vurğulayıb.
Eyni zamanda, Müqəddəs Taxt-Tacın mətbuat xidməti yayılan məlumatlara münasibət bildirərək Milad dövründə aparılmış məxfi söhbətlərin bəzi hissələrinin açıqlanmasından narazılıq ifadə edib və dərc edilən məlumatların danışıqların məzmununu tam əks etdirmədiyini bildirib.
Qeyd edək ki, nəşrin yazdığına görə, ABŞ tərəfi vasitəçilər aracılığı ilə Maduronun Venesuelanı tərk edərək Türkiyəyə getməsi ehtimalını da müzakirə edib.