AZ

Avropa razılaşdı...

“Köhnə qitə” Ukrayna üçün Paris bəyannaməsini imzaladı

2025-ci ilin sonunda intensivləşən Ukrayna-Rusiya müharibəsinin bitməsi istiqamətində gedən danışıqlar yeni ildə də davam etdirilir. Qeyd edək ki, dekabrın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan 4-cü görüşdən öncə Tramp Rusiya Prezidenti Putin ilə telefonla danışmışdı.  Görüşdən sonra isə bildirilmişdi ki, Ukraynada hərbi əməliyyatlara son qoymaq üçün mümkün razılaşma ilə bağlı mövqelərdə əhəmiyyətli dərəcədə yaxınlaşma mövcuddur. Donbasın statusu və gələcək taleyi ilə bağlı məsələnin açıq qalmasına baxmayaraq, Zelenski də görüşü müsbət qiymətləndirmişdi və sülh planının 90 faiz razılaşdırıldığını demişdi. Danışıqlar zamanı təhlükəsizlik zəmanətlərinə xüsusi diqqət yetirilmişdi - qeyd olunmuşdu ki, prosesin həyata keçirilməsi üçün əsas məsuliyyət Avropanın üzərinə düşməlidir və ABŞ buna tam dəstək verəcək.

Parisdə görüş...

Yeri gəlmişkən, yanvarın 6-da Parisdə Könüllülər Koalisiyasının liderləri arasında danışıqlar baş tutub. Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, ABŞ da daxil olmaqla, təxminən, 35 ölkənin nümayəndələri arasında baş tutan görüşdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri, dəstək mexanizmləri və atəşkəs üçün mümkün şərtlər müzakirə edilib. Zirvə görüşündən sonra müttəfiqlər Ukrayna ordusuna dəstək, atəşkəs monitorinqi mexanizmləri, çoxmillətli qüvvələrdə iştirak və uzunmüddətli təhlükəsizlik əməkdaşlığını nəzərdə tutan əsas sənədlərin layihələri barədə razılığa gəliblər. Prezident Zelenski Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə birlikdə müharibənin bitməsindən sonra Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi ilə bağlı niyyət bəyannaməsi imzalayıblar. Emmanuel Makron deyib ki, sənəd bir neçə elementdən ibarət təhlükəsizlik zəmanətləri sisteminə aiddir və Avropa ölkələri ilə ABŞ arasında hərəkətlərin əlaqələndirilməsi ilə bağlı müvafiq hesabat artıq komitə rəhbərləri tərəfindən hazırlanıb: “Bu gün biz Paris Bəyannaməsində öz əksini tapan və davamlı sülh üçün güclü zəmanətlər verən əhəmiyyətli irəliləyiş əldə etdik. Könüllülər koalisiyasının bu bəyannaməsi ilk dəfə olaraq tam formatda Ukrayna və Amerika Birləşmiş Ştatları arasındakı əməliyyat yaxınlaşmasını tanıyır”.

Onun sözlərinə görə, tərəflər silahlı qüvvələr arasında qarşılıqlı əlaqəni asanlaşdırmaq və Ukrayna, Avropa dövlətləri, koalisiya ölkələri, eləcə də ABŞ arasında əməkdaşlığı gücləndirmək üçün Koalisiya Əməliyyat Qərargahı daxilində Koordinasiya Mərkəzi yaratmaq barədə razılığa gəliblər. O, həmçinin son aylarda koalisiyanın yanaşmasının əlaqələndirildiyini və sistemləşdirildiyini vurğulayıb.

Maddi və hərbi dəstək tələb olunacaq

Bəyannamədə təhlükəsizlik zəmanətlərinin əsas komponentləri, xüsusən də koalisiya dövlətlərinin iştirakı ilə ABŞ-ın rəhbərliyi altında atəşkəs monitorinq mexanizmlərinin tətbiqi də müəyyən edilib. Makron deyib ki, “biz təcavüzün qarşısının alınması üçün ilk müdafiə xətti olan Ukrayna Silahlı Qüvvələrinə dəstək vermişik. Bu, 800 min Ukrayna əsgərindən ibarət format olacaq və potensial təcavüzün qarşısını almaq üçün maddi və hərbi dəstək tələb olunacaq. Atəşkəsdən sonra yaranacaq çoxmillətli qüvvələrin təşkili üçün hazırlıqları davam etdirəcəyik”. Sənəddə həmçinin Rusiyanın yeni hücumu halında müttəfiqlərin Ukraynanı dəstəkləməsi üçün hüquqi öhdəlik də nəzərdə tutulur.

Zelenski bildirib ki, Könüllülər Koalisiyasının bütün üzvləri real təhlükəsizliyi təmin etmək üçün çalışmağa sadiqdirlər. “Bu, çox spesifikdir. Üç ölkəmiz tərəfindən imzalanmış bir bəyannamə, ümumi bəyannamə və bu niyyət bəyannaməsi var. Bu, koalisiyanın və Avropa ölkələrinin sülh üçün işləməyə hazır olduğunu göstərir. Diplomatiya sülhə nail olduqda Könüllülər Koalisiyasının qüvvələrini yerləşdirə bilmək üçün hazır olmaq istəyirik. Təfərrüatlar digər sənədlərdə də öz əksini tapacaq”, - deyən Ukrayna dövlət başçısı qeyd edib ki, hansı qüvvələrə ehtiyac olduğunu və bütün bunları kimin əlaqələndirəcəyini qiymətləndiririk. “Biz həmçinin monitorinq üzərində işləmək və müəyyən qüvvələrin, eləcə də Ukrayna ordusunun necə maliyyələşdiriləcəyini dəqiq müəyyən etmək istəyirik”, - deyə o bildirib.

Ukrayna prezidenti əlavə edib ki, bu razılaşmada Rusiyanın gələcək təcavüzünün qarşısını ala biləcək hər şey vacibdir: “Biz həmçinin Amerika nümayəndələri ilə irəliləyiş əldə etmişik. Parisdə sənədlər üzərində işlədik və cənab Vitkoff və cənab Kuşnerlə əlavə görüşlər keçirəcəyik. Biz bir neçə ikitərəfli müqavilə və sənəd, eləcə də üçtərəfli sənədlər üzərində işləyirik və ümid edirik ki, onları tezliklə müxtəlif formatlarda imzalayacağıq”.

Britaniya dəstəyini davam etdirəcək...

Böyük Britaniyanın Baş naziri Keir Starmer sülh müqaviləsindən sonra Ukraynada mümkün qüvvələrin yerləşdirilməsi ilə bağlı niyyət bəyannaməsinin imzalandığını elan edib və bunun Londonun Ukraynaya verdiyi qəti və uzunmüddətli dəstəyin bir hissəsi olduğunu vurğulayıb. “Bu, Britaniya, Fransa və tərəfdaş qüvvələrinin Ukrayna ərazisində fəaliyyət göstərə biləcəyi, Ukrayna hava və dəniz məkanının təhlükəsizliyini təmin edə biləcəyi və Ukraynanın silahlı qüvvələrini gələcək üçün yenidən qura biləcəyi hüquqi çərçivənin yaradılmasına yol açır. Bu məsələləri ətraflı müzakirə etdik. Deyə bilərəm ki, atəşkəsdən sonra Böyük Britaniya və Fransa Ukraynanın müdafiə ehtiyaclarını ödəmək üçün silah və hərbi texnikanın saxlanması üçün obyektlər yaradacaqlar”.

Starmer bildirib ki, 2026-cı ildə Ukraynanın müdafiəsinə dəstəyi gücləndirməyə davam ediləcək. O cümlədən, Rusiyanın hərbi xərclərini maliyyələşdirən neft treyderlərinə və kölgə donanması operatorlarına qarşı əlavə tədbirlər görüləcək.

Almaniya da razıdır...

Almaniya kansleri Fridrix Merts bildirib ki, Berlin Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə tez bir zamanda son qoymaq üçün səylərini artırmağa davam edəcək. Onun sözlərinə görə, məqsəd 2015-ci il Minsk razılaşmalarından fərqli olaraq etibarlı təhlükəsizlik zəmanətlərinə əsaslanacaq atəşkəsə nail olmaqdır. O, avropalıların Ukrayna ilə birlikdə belə bir atəşkəsin şərtlərini birgə formalaşdırmaq üçün səy göstərdiklərini vurğulayıb. Mers həmçinin qeyd edib ki, hər bir koalisiya üzvü ölkə öz töhfəsini müəyyən etmək üçün öz daxili proseslərindən keçməlidir - o, eyni zamanda Almaniyanın Ukraynaya siyasi, maliyyə və hərbi dəstəyini davam etdirəcəyini vurğulayıb. “Bu, məsələn, Ukrayna üçün qonşu NATO zonasında atəşkəsdən sonra orada olacağımız anlamına gələ bilər. Almaniyanın töhfəsinin növü və miqdarına gəldikdə isə, bu şərtlər müəyyən edildikdən və aydınlaşdırıldıqdan sonra qərar vermək Almaniya hökuməti və parlamentinin səlahiyyətindədir.

Görüşdə iştirak edən ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff bildirib ki, o və Cared Kuşner təxminən 10 saat danışıqlar aparıblar. O, Donald Trampın niyyətinin Ukraynada sülhə nail olmaq olduğunu vurğulayıb. Onun sözlərinə görə, əvvəlcə Cenevrədə, daha sonra isə Berlində əhəmiyyətli irəliləyiş əldə edilib. O əlavə etdi ki, təhlükəsizlik protokolları üzərində iş başa çatıb və onlar Ukrayna cəmiyyətinə müharibənin sonunun qəti olacağına dair inam verməlidir.

Plan Rusiyaya təqdim olundu...

Qeyd edək ki, Uitkoff Putinin xüsusi nümayəndəsinə Ukrayna ilə razılaşdırılmış sülh planını təqdim edib. “Axios” portalının məlumatına görə, Rusiyanın xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya birbaşa investisiya fondunun rəhbəri Kirill Dmitriyev Parisdə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni, iş adamı Cared Kuşner ilə görüşüb. Görüş Uitkoffla Kuşnerin Ukrayna və Avropa ölkələrinin nümayəndələri ilə iki günlük danışıqlardan sonra baş tutub və Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli üçün mümkün yol müzakirə olunub. Qeyd olunub ki, Trampın planının demək olar ki, bütün aspektləri üzrə Ukrayna ilə razılığa gələn Ağ Ev, Rusiya rəhbərliyindən bu təklifə aydın cavab istəyir.

P.İSMAYILOV

Seçilən
31
yeniazerbaycan.com

1Mənbələr