AZ

İllərin həsrəti sona çatır – Aşağı Oratağda yeni həyat səhifəsi

Ağdərə, 10 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Qarabağın səfalı guşələrindən olan Ağdərə rayonunun Aşağı Oratağ kəndində həyat yenidən canlanıb. Kənd 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror tədbirləri zamanı Azərbaycanın nəzarətinə keçdikdən sonra evlərin bərpası və sosial infrastrukturun qurulması istiqamətində işlər görülüb. Artıq Aşağı Oratağ kəndində 31 ailə olmaqla, 119 nəfər məskunlaşıb.

Uzun illərin köçkünlük həyatından sonra doğma yurda qayıdan ailələrdən biri də Məmmədovlardır. AZƏRTAC-ın bölgə müxbiri onların qonağı olub, təəssüratlarını öyrənib.

Ailə başçısı Həsrət Məmmədov ötən 33 il ərzində Vətən nisgili ilə yaşadıqlarını bildirib: “Ağdərə rayonundan köçkün düşüb 33 il Bərdə rayonunda məskunlaşdıq. Bərdəlilər bizə ata-ana kimi, qardaş kimi qucaq açdılar. Amma bizim ürəyimizdə həmişə bir Qarabağ nisgili, Vətən nisgili var idi. Şükür bu günlərə ki, bu nisgil, bu həsrət sona çatdı, biz yenidən öz yurdumuza – Ağdərəmizə qayıtdıq”.

Həsrət Məmmədov doğma yurda qayıtmağın həm kövrəldici, həm də qürurverici olduğunu deyib: “Biz gedəndə ailə üzvlərimizin sayı 10 nəfər idi. Bu gün hərəmiz bir ailəyik. Atamız rəhmətə gedib. O da istəyirdi ki, yurdumuza, obamıza qayıtsın. Allahın bu gününə şükür. Bu gün yurdumuza şad-xürrəm gəlmişik. Həm kövrəldicidir, həm qürurvericidir. Bu hissi bizə yaşadan Prezidentimizə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, dərin təşəkkürümü bildirirəm. Şəhidlərimizin, qazilərimizin qanı bahasına torpaqlarımız azad olundu. Mən şəhidləırimizin ruhları qarşısında baş əyirəm. Allah qazilərimizi, veteranlarımızı qorusun”.

Ailənin xanımı Aytəkin Məmmədova də kəndə qayıtmaqlarının, burada başlayan yeni həyatın sevincini bölüşüb: “Ailə üzvlərimiz dörd nəfərdir. Övladlarımız ali təhsil aldıqları üçün köçdə iştirak etmədilər. Amma biz onlarla öz ata-baba yurdlarına gəlmişik. Buranı görüblər və arzuları odur ki, təhsillərini başa vurduqdan sonra ata-baba yurdlarında işlə təmin olunsunlar. Burada çalışsınlar, Vətənimiz üçün, xalqımız üçün yararlı övlad olsunlar. Bəli, artıq doğma torpaqlarda yeni həyatımız başlayır. Bu günə şükürlər olsun. Yaradılan şəraitə görə Prezidentimizə, dövlətimizə təşəkkür edirəm”.

Məmmədovlar ailəsinə doğma yurdlarında, yeni evlərində xoş günlər arzulayıb ayrılırıq.

Beləliklə, Aşağı Oratağ kəndinə qayıdan hər bir ailə kimi, Məmmədovlar ailəsinin də sevinci Qarabağda həyatın bərpasının bariz nümunəsidir. Doğma torpaqlara dönüş həm də illərlə qəlblərdə yaşadılan ümidlərin, arzuların gerçəkləşməsidir.

Seçilən
83
2
azertag.az

3Mənbələr