Azərbaycanın qlobal enerji xəritəsində yeni imzası
Yanvarın 8-də Bakının tarixi “Gülüstan” sarayında reallaşan açılış mərasimi dövlətimizin son illərdə həyata keçirdiyi uzaqgörən enerji siyasətinin növbəti parlaq təzahürü, milli qürur mənbəyimizdir. Prezident İlham Əliyevin iştirakı ilə istismara verilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası təkcə bir infrastruktur layihəsi deyil, həm də Azərbaycanın qlobal "Yaşıl Enerji" qovşağına çevrilməsi yolunda atdığı möhtəşəm strateji addımdır. Bu uğur, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu enerji strategiyasının bu gün Cənab Prezident tərəfindən ən müasir və mükəmməl şəkildə həyata keçirilməsinin əyani sübutudur.
Partiyamızın siyasi xəttinə və dövlətçilik kursuna uyğun olaraq, ölkəmizdə yaradılan sarsılmaz investisiya mühiti bu gün öz real bəhrəsini verir. Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə qurulan bu strateji tərəfdaşlıq dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycanın beynəlxalq aləmdə "sözünün imzası qədər dəyərli" olduğunun növbəti təsdiqidir.
Cənab Prezident öz çıxışında dövlətimizin iqtisadi qüdrətini sarsılmaz faktlarla diqqətə çatdırdı: "Bizim xarici borcumuz ümumi daxili məhsulumuzun təxminən 6 faizini təşkil edir, valyuta ehtiyatlarımız isə xarici borcu 16-17 dəfə üstələyir." Belə bir maliyyə təməli və 300 milyard dollardan çox xarici sərmayə cəlb etmiş iqtisadi model Azərbaycanı xarici investorlar üçün dünyanın ən etibarlı ünvanına çevirmişdir.
Bu layihə siyasi sabitliyin iqtisadi inkişafla vəhdətinin ən uğurlu nümunəsidir. 2022-ci ildə təməli qoyulan bu nəhəng müəssisənin qısa müddətdə ərsəyə gəlməsi Azərbaycanın icra gücünü və xalq-iqtidar birliyinin sarsılmazlığını göstərir. Biz, partiya funksionerləri olaraq, cənab Prezidentin bu uzaqgörən kursunu tam dəstəkləyirik. İnanırıq ki, 2030-cu ilə qədər hədəflənən bərpaolunan enerji potensialı, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə – Qarabağ və Şərqi Zəngəzurda ucaldılan yeni stansiyalar "Böyük Qayıdış"ın enerji sütunu olacaqdır.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün təkcə öz daxili tələbatını ödəmir, həm də süni intellekt əsaslı data mərkəzləri kimi gələcəyin texnologiyalarına yol açan yaşıl enerji ixracatçısına çevrilir. Xəzər dənizinin 157 giqavatlıq nəhəng potensialı Ulu Öndərin arzularının gerçəkliyə çevrildiyi bugünkü Azərbaycanın əbədi qüdrətindən xəbər verir. Bu zəfər yürüşü hər bir seçicimizin rifahına, dövlətimizin isə sarsılmaz suverenliyinə xidmət edən tarixi bir missiyadır.
İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini