“Biz Bakıda bir çox önəmli nəqliyyat layihələrini icra etdik. Bu, bizə imkan verdi ki, müəyyən mərhələdə özümüzü tıxaclardan sığortalayaq. Ancaq inkişaf göz qabağındadır, əhali artır, maşınların sayı artır. Hər il ölkəmizə on minlərlə yeni avtomobil gətirilir. Onların istismar müddəti ilə bağlı indi müəyyən məhdudiyyətlər də qoyulur. Yerli avtomobil istehsalı artır. Ona görə mövcud yol infrastrukturu artıq bizə kifayət etmir”, - bu fikirləri Prezident İlham Əliyev yerli telekanallara son müsahibəsində səsləndirib. Dövlət başçısı bildirib ki, . yol-nəqliyyat sisteminin idarə edilməsi və mikromobillik, yəni ictimai nəqliyyata üstünlük verilməsi bir çıxış yolu ola bilər. “Hesab edirəm ki, növbəti beş il ərzində bu əsas problemlər öz həllini tapmalıdır”, – Prezident qeyd edib.
“Avropa şəhərlərində avtomobil sayı Bakıdakından qat-qat çoxdur”
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev də düşünür ki, Bakı yollarındakı sıxlığın kökü avtomobillərlə edilən gündəlik səfərlərin çoxluğundadır: “Xüsusilə qısa məsafələrə şəxsi avtomobillə gedənlərin sayı çoxdur və bu səfərlərin mümkün qədər ictimai nəqliyyatla əvəzlənməsi üçün şərait yaradılmalıdır. Avtomobillərin sayının çoxluğu həlledici faktor deyil. Orta statistik Avropa şəhərlərində avtomobil sayı Bakıdakından qat-qat çoxdur. Fərq ondadır ki, həmin şəhərlərdə gündəlik səfərlərin böyük hissəsi avtomobillə edilmir. İnsanların məsafəyə görə hərəkəti üçün alternativlər yaradılmalıdır: qısa məsafələrdə piyada və ya mikromobillik vasitələri, orta və uzun məsafələrdə isə ictimai nəqliyyatın müxtəlif növləri prioritet olmalıdır. Zəruri hallarda avtomobildən istifadə mümkündür”.
R.Ağamirzəyevin sözlərinə görə, şəhərdə ümumi parklanmanın idarə olunması da vacib məsələlərdən biridir. Əgər bina tikilərkən parkinq nəzərə alınmayıbsa, sonradan müəyyən sahələrin parkinqə çevrilməsi mümkündür: “Bir çox ölkələrdə yeraltı parkinqlər təşkil olunur və tələbat artdıqca yeni parkinqlərin yaradılması adi praktikadır. Hətta bəzi ölkələrdə avtomobil alınarkən vətəndaşdan onu harada saxlayacağı soruşulur və parkinqlə ən azı birillik müqavilə tələb edilir. Torpaq ən bahalı resursdur və hər yeri parkinqə çevirmək kimi yanaşma səmərəli deyil. Ortaq məxrəc avtomobilin mövcudluğunu qəbul etmək ola bilər, lakin əsas məsələ onun yaşayış məkanını zəbt etmədən saxlanılmasıdır. Avtomobil elə təşkil olunmalıdır ki, şəhər sakinlərinə ziyan vurmasın. Böyük şəhərlərdə torpağın baha olması səbəbindən mərkəzdə parkinqin yüksək qiymətləndirilməsi, avtomobil vergiləri, saxlanma və parkinq xərcləri isə çəkindirmə mexanizmi kimi çıxış edir”.
“Problem illərdir yığılan səhvlərin aradan qaldırılmamasıdır”