Bakı sülhün memarı, Ermənistan yol ayrıcında...
Müasir dünyada baş verən geosiyasi silkələnmələr, lokal münaqişələrin qlobal qarşıdurmalara çevrilməsi, beynəlxalq təhlükəsizlik sisteminin zəifləməsi fonunda qlobal proseslərdə strateji coğrafiyaların əhəmiyyəti və rolu daha da artmaqdadır. Bu baxımdan Cənubi Qafqaz bu gün təkcə regional deyil, qlobal güclərin diqqət mərkəzində olan əsas məkanlardan biridir. Ukrayna böhranı, Yaxın Şərqdə davam edən qeyri-sabitlik, enerji və nəqliyyat marşrutları üzərində gedən rəqabət Avrasiya məkanında yeni siyasi-iqtisadi düzənin formalaşmasını sürətləndirir. Belə bir mürəkkəb şəraitdə Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi təkcə region ölkələri üçün deyil, bütövlükdə beynəlxalq sistem üçün mühüm əhəmiyyət daşıyır.
Məhz bu reallıqlar fonunda Azərbaycanın yürütdüyü praqmatik və gələcəyə hesablanmış xarici siyasət Cənubi Qafqazda sülhün əsas lokomotivinə çevrilib. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıq regionda köhnə qarşıdurma xəttini aradan qaldıraraq əməkdaşlıq və tərəfdaşlıq üçün real zəmin formalaşdırıb. Bakı təhlükəsizliyin yalnız hərbi güc üzərindən deyil, qarşılıqlı iqtisadi əlaqələr, nəqliyyat-kommunikasiya bağlantıları və siyasi dialoq vasitəsilə möhkəmləndirilməsini prioritet elan edib. ABŞ və digər aparıcı dövlətlərin sülh prosesinə açıq dəstəyi də Azərbaycanın təşəbbüslərinin beynəlxalq miqyasda qəbul edildiyini göstərir. Beləliklə, bu gün əsas prioritet kimi sülhün vacibliyi ön plana çıxır. Ermənistan üçün isə bu mərhələ tarixi bir yolayrıcıdır.
Avrasiyanın yeni “hertland”i...
Sirr deyil ki, formalaşmaqda olan yeni qlobal siyasi nizamda Cənubi Qafqaz Avrasiyanın “geosiyasi hertlandı” funksiyasını yerinə yetirir. Həm coğrafi, həm də iqtisadi mənada Qərblə Şərqin, Şimalla Cənubun kəsişməsində yerləşən bu ərazi tarix boyu sivilizasiyaların qovşağı kimi şöhrət tapıb. Müasir mərhələdə isə Cənubi Qafqaz təkcə təsir zonası deyil, eyni zamanda qərarların formalaşdığı və qlobal proseslərə istiqamət verən məkana çevrilməkdədir.
Məhz Azərbaycanın liderliyi ilə regionda yaradılan yeni təhlükəsizlik arxitekturası bu siyasi əhəmiyyəti daha da artırır. Bakı hərbi revanşizmin, etnik qarşıdurmaların və süni gərginliklərin region üçün dalan yol olduğunu ortaya qoyaraq sivil əməkdaşlıq modelini təklif edir. Bu model suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanır. Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda xarici müdaxilələrdən kənar, regional məsuliyyətə söykənən siyasi mühit formalaşmaqdadır. Bu gün artıq siyasi fikir ayrılıqlarının həlli üçün münaqişə yox, dialoq platformaları önə çıxır. Bakı regionu qütbləşmə məkanı yox, maraqların uzlaşdırıldığı siyasi körpüyə çevirir. Bu isə Cənubi Qafqazın beynəlxalq sistemdə sabitləşdirici faktor kimi çıxış etməsinə imkan yaradır.
Cənubi Qafqazın iqtisadi əhəmiyyəti...
Siyasi sabitlik iqtisadi inkişafın əsas şərtidir və bu reallıq Cənubi Qafqazda açıq şəkildə özünü göstərir. Azərbaycan regionda sülh və təhlükəsizlik indeksini yüksəltməklə Avrasiya üçün yeni iqtisadi imkanlar formalaşdırıb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi bu coğrafiya artıq qlobal ticarət zəncirinin mühüm halqasına çevrilir.
Xüsusilə Zəngəzur dəhlizi (TRİPP) regionun iqtisadi xəritəsini köklü şəkildə dəyişdirə biləcək strateji layihədir. Bu dəhliz təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirmir, eyni zamanda Orta Asiyadan Avropaya qədər uzanan geniş iqtisadi əlaqələr üçün açar rolunu oynayır. Azərbaycan tərəfindən yaradılan logistika infrastrukturu, limanlar, dəmir yolları və enerji layihələri Cənubi Qafqazı Avrasiyanın əsas tranzit mərkəzlərindən birinə çevirir.
Bu imkanlar yalnız regional ölkələr üçün deyil, Qlobal Cənubdan Avropaya qədər geniş bir coğrafiya üçün cəlbedicidir. Prezident İlham Əliyev yanvarın 5-də yerli tedeviziya kanallarına verdiyi müsahibədə bu məqama xüsusi toxunub. Dövlət başçısı bildirib ki, bu layihə tam başa çatandan sonra onun yükötürmə qabiliyyəti 15 milyon tona bərabər olacaq və bayaq qeyd etdiyim kimi, həm Şərq-Qərb, həm də ki, Şərq-Cənub, bəlkə də Şimal-Cənub yolunun bir qolu olacaq: “Çünki bu gün Şimal-Cənub layihəsi deyəndə, ilk növbədə, Rusiya-Azərbaycan-İran, yəni Rəşt-Astara yolu nəzərdə tutulur. Bu yol da vacibdir. Ancaq Zəngəzur dəhlizi açılandan sonra sovet vaxtı mövcud olmuş Sovet İttifaqı-İran yolu yenə də bərpa ediləcək. Yəni ki, Rusiya-Bakı-Ağbənd-Ermənistan-Naxçıvan-Culfa-Fars körfəzi - bu, Şimal-Cənub marşrutunun ikinci yolu olacaq”.
Beləliklə, Bakı iqtisadi əməkdaşlığı qlobal siyasi etimadın əsas dayağı kimi təqdim edir və sübut edir ki, sülh konkret iqtisadi dividendlər yaradır. Cənubi Qafqaz artıq risk zonası deyil, investisiya və ticarət məkanı kimi qəbul olunmağa başlayır.
Ermənistan üçün real şans
Mövcud reallıqlar fonunda Ermənistan üçün tarixi seçim anı yetişib. Azərbaycan tərəfindən yaradılan sülh və əməkdaşlıq imkanları regionda bütün ölkələr üçün açıqdır. Lakin bu imkanlardan faydalanmaq üçün İrəvan köhnə revanşist düşüncədən imtina etməli və yeni regional nizamı qəbul etməlidir. Sülh sazişinin imzalanması Ermənistan üçün təkcə siyasi sənəd deyil, strateji xilas yoludur.
Sülh Ermənistana uzun illər davam edən təcriddən çıxmaq, regional layihələrə qoşulmaq və iqtisadi dirçəliş əldə etmək imkanı verəcək. Paralel olaraq bu addım Ermənistanın daxili siyasi sabitliyini və iqtisadi təhlükəsizliyini də möhkəmləndirəcək. Əks halda, İrəvan regiondan kənarda qalmaqla yanaşı, öz gələcəyini də risk altına atmış olacaq. Bu mənada sülh Ermənistan üçün zəruri və yeganə rasional seçimdir.
Regionun gələcəyinin dizaynı...
Nəticə etibarı ilə, bu gün Azərbaycan Cənubi Qafqazı Avrasiyanın mərkəzinə çevirən əsas güc kimi çıxış edir. Bakı sülhü abstrakt şüar yox, konkret siyasi və iqtisadi mexanizmə çevirərək regionun gələcəyini yenidən dizayn edir. Formalaşan yeni reallıqda qarşıdurma yox, əməkdaşlıq qalib gəlir. Cənubi Qafqazın taleyi artıq keçmiş münaqişələrin girovu deyil. Azərbaycanın təşəbbüsləri sayəsində region qlobal sabitliyə töhfə verən, yeni imkanlar yaradan strateji məkana çevrilir. Bu yol sülh yoludur və bu yol açıqdır. Ermənistanın qarşısında isə yalnız bir sual qalır: bu tarixi fürsətdən istifadə etmək, yoxsa onu əbədi itirmək...
Pərviz SADAYOĞLU