AZ

İxracda rekord göstərici

Ötən il qeyri-neft sektoru üzrə ixrac 3,6 milyard dollar təşkil edib

2025-ci ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü illə müqayisədə 8,5 faiz artaraq 3,6 milyard dollar təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dərc etdiyi “İxrac icmalı”nda qeyd edilir ki, ötən il yeyinti məhsulları üzrə ixrac 18,4 faiz artaraq 1,2 milyard dollara bərabər olub. İxrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 57,4, meyvə-tərəvəz 27,4, alüminium və onlardan hazırlanan məmulatlar 24,2, pambıq iplik 19,3, kimya sənayesi məhsulları 8, bitki və heyvan mənşəli piylər və yağlar 2 faiz artıb.

Hesabat dövrü ərzində aqrar məhsullar üzrə ixrac 26,7 faiz artaraq 1 milyard dollara, aqrar-sənaye məhsulları üzrə ixrac isə 314,7 milyon dollara bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,9 faiz artaraq 1,3 milyard dollar təşkil edib.

Son 7 ildə qeyri-neft ixracı 15 milyard dolları ötüb

Ümumilikdə, son illərdə ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Qeyri-nef sektorunda yığımların davamlı şəkildə hər il artması həm ÜDM-də, həm də dövlət büdcəsində neftdənkənar sahələrin payının artmasına səbəb olub. Bu dinamika eyni zamanda, qeyri-neft ixracının artmasını stimullaşdırıb. 2019-2025-ci illərdə qeyri-neft-qaz ixracının 2 dəfədən çox artaraq 15 milyard dolları ötüb.

Bu dövrdə ölkəmizin ticarət tərəfdaşlarının sayı artaraq 185-ə çatıb, 110-dan çox ölkəyə qeyri-neft məhsulları ixrac olunub. Qeyri-neft-qaz ixracı sahəsində coğrafi şaxələnmə ilə yanaşı, məhsul çeşidlərinin şaxələnməsi üzrə də uğurlu nəticələr əldə olunub.

Ticarət Evləri ixracın təşviqində mühüm rol oynayır

Azərbaycanda qeyri-neft ixracının artmasında Ticarət Evlərinin də mühüm əhəmiyyəti var. Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması, satışının təşkili və əlaqələndirilməsində Ticarət Evlərinin imkanları kifayət qədər böyükdür. “Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının ixracının artırılması məqsədilə xaricdə Ticarət Evləri 2017-ci ildən yaradılmaqdadır. Azərbaycan ötən illərdə Rusiya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Ukrayna, Polşa, Latviya, Çin, Qazaxıstanda Azərbaycanın Ticarət Evləri fəaliyyət göstərir.

Ticarət Evləri Azərbaycan məhsullarının təkcə satışı və tanıdılması üçün əhəmiyyət daşımır, bu cür iqtisadi strukturlar həm də iki ölkə arasında faydalı iqtisadi müzakirələr üçün platforma rolunu oynayır, Azərbaycan ixracatçılarının  potensial imkanlarını nümayiş etdirir. Son illərdə Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirən Çində Azərbaycan Ticarət Evlərinin sayının artması da bunu təsdiqləyir. İndiyədək Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində Azərbaycanın Ticarət Evləri açılıb, eləcə də Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 Şərab Evinin fəaliyyəti təmin edilib.

Eləcə də Körfəz ölkələri ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında yeni mərhələnin başlanması bu region ölkələrində də ixrac xəritəsinin coğrafiyasını genişləndirib və yeni Ticarət Evlərinin yaradılması işlərini sürətləndirib.

Ənənəvi bazarlardan yeni bazarlara keçid...

Hökumətin hədəfi ixracın şaxələndirilməsi, ənənəvi bazarlardan yeni bazarlara keçidin təmin olunmasıdır. Bu məqsədlə yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasının sadələşdirilməsi, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilməsi və əlavə güzəşt alətlərinin tətbiqi üzərində işlər aparılır. Motivasiyaedici tədbirlərdən biri logistik subsidiya mexanizminin tətbiqidir. Yeni mexanizm ixracla məşğul olan sahibkarların sərhəd-keçid məntəqələrində asan tranzit sisteminin yaradılması, gömrük sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, logistika üzrə güzəştlərin verilməsini və tarif səmərəliliyi üzrə təşviqlərin tətbiqini nəzərdə tutur. Eyni zamanda, yeni və qeyri-ənənəvi bazarlara ixracı stimullaşdırmaq üçün müxtəlif təşviq mexanizmlərinin verilməsi gözlənilir. Ən mühüm güzəşt aləti isə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən biznesin xarici bazarlara çıxışında dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi, onların ixrac fəaliyyəti üzrə logistik xərclərinin tam şəkildə qarşılanmasıdır.

Ümumilikdə, bütün  bütün bu tədbirlərin məqsədi ixrac coğrafiyasının şaxələndirilməsinə töhfə vermək, ənənəvi bazarların tranzitini yeni istiqamətlərə yönəltmək, bununla da daha yüksək gəlir gətirən ixrac potensialını formalaşdırmaqdır.

İxracın həcminin 2 dəfədən çox artırılması hədəflənib

Azərbaycanın qarşısında duran müasir iqtisadi çağırışlardan biri ixracyönümlü iqtisadiyyata keçidin təmin olunması, Avropa, Asiya və digər region ölkələri ilə əlverişli ticarət sazişlərinə əsaslanan aşağı tarifli mühitdə səmərəli gömrük prosedurlarının tətbiqi nəticəsində mövqeyinin gücləndirilməsidir. Bu məqsədlə ölkəmizin şaxələndirilmiş nəqliyyat-logistika imkanlarından və informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməklə ixrac potensialının daha da yüksəldilməsi, transsərhəd ticarətin, o cümlədən elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

“Milli ixrac strategiyası”na əsasən, ortamüddətli dövrə dair strateji yol xəritələrinə əsasən, qeyri-neft sektoru üzrə ixracın hazırda adambaşına düşən həcminin 200 dollardan 450 dollara çatdırılması hədəflənib. Qeyri-neft ixracını illik 13-15 faiz artırmaqla həmin hədəfə çatmaq mümkündür. Həmin hədəflərə çatmaq üçün yeni sənəd - “Milli ixrac strategiyası” hazırlanıb. Sənəd 15-dən çox hədəf bazarını və 120 çeşid ixrac məhsulunu müəyyən edir.

Strategiyaya əsasən, Azərbaycanın qeyri-neft ixracını 2028-ci ilədək iki dəfə artırmaq və 3,7 milyard dollara çatdırmaq planlaşdırılır. Sonrakı illərdə bu rəqəmin 5 milyarda qədər çatdırılması nəzərdə tutulur. Bu məqsədlərə çatmaq üçün xarici ölkələrə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan sahibkarların fəaliyyətinin daha da təşviq edilməsi, “Made in Azerbaijan” və “İnvest in Azerbaijan” ixrac portalları üzrə sifarişlərin daha qlobal ticarət şəbəkələrinə inteqrasiyasının təkmilləşdirilməsi planlaşdırılır. Eləcə də iri şirkətlərin və nüfuzlu investorların Azərbaycana gətirilməsi və qeyri-neft istehsalı sahələrinə, ələxus da bərpa olunan enerji sahələrinə cəlbi məqsədilə yeni iqtisadi alətlərin tətbiqi strategiyanın əsas prioritetləri sırasında yer alır.

E.CƏFƏRLİ

Seçilən
24
1
yeniazerbaycan.com

2Mənbələr