AZ

Azərbaycanın enerji siyasətində əsaslı dönüş



Dünyada ekoloji tarazlığın pozulduğu, qlobal istiləşməyə səbəb olan amillərin, istixana qazlarının atmosferə buraxılmasının artdığı, meşələrin qırılma və ya yanma prosesinin sürətləndiyi bir dövrdə alternativ enerji mənbərləri, xüsusilə də “yaşıl enerji”dən istifadə və onun tətbiqinin prosesinin genişləndirilməsi günümüzdə ən aktual məsələlərdən biridir. Bəşəriyyətə, ümumən ətraf mühitə xeyir verə biləcək bütün müsbət təşəbbüslər və addımlarda öndə olan Azərbaycan bu istiqamətdə də öz fəallığı ilə seçilir. Artıq bir neçə ildir ki, ölkəmiz alternativ enerji mənbələrinin, xüsusilə də “yaşıl enerji”nin inkişaf etdirilməsini qarşıya əsas vəzifə qoyub. Hətta bu istiqamətdə ötən müddət ərzində təqdirəlayiq addımlar da atılıb. İstər paytaxtda, istərsə də bölgələrdə, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji”nin inkişaf etdirilməsi istiqamətində atılan addımlar deyilənlərin təsdiqidir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı da ölkəmizin enerji sisteminin alternativ mənbələr, xüsusilə də “yaşıl enerji” hesabına təmin edilməsinin qarşıya başlıca məqsəd kimi qoyulduğunu bir daha sübuta yetirir. Bu həm də ortaya qoyulan iradə və hədəfin reallşadırılması istiqamətində mühüm addımların atıldığının təsdiqidir.

Qeyd etdiyimiz kimi yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə ölkənin enerji sahəsində strateji əhəmiyyət kəsb edən bir layihənin — 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi oldu.

Məlumat üçün qeyd edim ki, 240 MVt gücündə olan bu külək elektrik stansiyasını yalnız böyük gücə malik obyekt kimi xarakterizə etmək doğru yanaşma olmazdı. Bu həm də Azərbaycanın bərpaolunan enerji sektorunda atmış olduğu növbəti strateji addımdir. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi ilə ölkə enerji sisteminin strukturuna yaşıl enerji mənbələrinin inteqrasiyası daha da güclənir, enerji təchizatında diversifikasiya təmin olunur və karbon emissiyalarının azalmasına töhfə verilir.

Bu, həm də enerji təhlükəsizliyi və enerji siyasətimizin şaxələndirilməsi deməkdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də çıxışında bu məqama diqqət çəkdi. Dövlət başçısı bildirdi ki, bu layihə ölkənin enerji təhlükəsizliyini daha da möhkəmləndirir və enerji resurslarının əldə olunmasında yeni imkanlar yaradır. Artan generasiya gücü Azərbaycanı daha dayanıqlı enerji ölkəsinə çevirir və gələcəkdə enerjinin ixracını artırmağa şərait yaradır.

Azərbaycan alternativ enerji mənbələri, “yaşıl enerji”nin inkişaf etdirilməsini əsas prioritet kimi qarşıya məqsəd qoyduğundan yalnız “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi ilə işini tamamlamış hesab etmir. Qeyd etdiyimiz kimi qlobal miqyasda cərəyan edən proseslər, ekoloji tarazlığın pozulması ölkəmizin alternativ enerji mənbələrindən daha çox istifadə etməsini zərurətə çevirir. Bu kimi layihələrin həyata keçirilməsinin davamlı xarakter alacağı əminliyi yaradır. Elə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimində çıxışı zamanı Cənab Prezident də bunu aydın şəkildə ifadə etdi. Dövlət başçısı bildirdi ki, Azərbaycan yalnız bu layihə ilə kifayətlənməyəcək. Ölkədə bərpaolunan enerji potensialı daha da genişləndirilməli, yeni generasiya gücləri əlavə edilməlidir. Bu çərçivədə 6 GW-a qədər külək və günəş enerjisi gücünün 2030-cu ilədək yaradılması, 2032-ci ilədək isə bu rəqəmin 8 GW-a çatdırılması planlaşdırılır ki, bu da ölkənin enerji təhlükəsizliyi və ixrac potensialını daha da artıracaq.

Göründüyü kimi Azərbaycan enerji siyasətində əsaslı dönüş edir. Bu dönüş həm də enerji sistemində struktur dəyişiklik və innovativ təşəbbüslərin davamıdır. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı enerji təhlükəsizliyinin artırılması, bərpaolunan enerji mənbələrinin genişləndirilməsi və ölkənin davamlı inkişaf hədəflərinə çatması istiqamətində mühüm addımdır.

Nəsib Məhəməliyev, Milli Məclisin deputatı
Seçilən
48
1
newscenter.az

2Mənbələr