Bütün futbolçular gəldi, bir nəfərdən başqa. Söhbət adı “Qarabağ”la da hallanan Cefferson Bentudan gedir. Braziliyalı mərkəz müdafiəçisi yeni il istirahəti üçün vətəninə gedib və geri dönmür. Onun üçün alınan dönüş bileti də batıb. Futbolçu “Kəpəz”də oynamaq istəmir. Məsələ ilə bağlı baş məşqçi ilə əlaqə saxladıq. Vəziyyətin nə yerdə olduğunu soruşduq:
“Klub tərəfindən futbolçuya xəbərdarlıq olunub. Qayıtmır. İzahat gözləyirik. Necə olacağı da bundan sonra açıqlanacaq”.
Bentu yaxşı futbolçudu. 193 sm boya malik mərkəz müdafiəçisi “Kəpəz”in ən sabit oyun göstərən futbolçularından biridi. Cəmi 22 yaşı var. Əslində qışda müqavilə müddətini uzadıb, yayda yaxşı qiymətə satıb pul da qazanmaq olardı. Görünür, futbolçunun real müştərisi var, buna görə də “Kəpəz”ə qayıtmaq istəmir. Amma heç bir əsas göstərmədən dönməkdən boyun qaçırması yanlışdı. Yəqin ki, komandadan ayrılacaq. Amma bu şəkildə ayrılmaq peşəkar futbolçuya yaraşmır. Və söhbət beynəlxalq futbol qurumlarına qədər uzansa, heç şübhəsiz, adamın başı ağrıyacaq.
MÜZƏFFƏR QULUZADƏ