AZ

Azərbaycan regionda “yaşıl enerji” mərkəzlərindən birinə çevrilir



"Artıq xeyli müddətdir ki, Azərbaycanda enerji siyasəti keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələ ənənəvi enerji resurslarından daha çox alternativ enerji mənbərlərindən istifadə, xüsusilə də günümüz üçün olduqca vacib bir elementə çevrilən “yaşıl enerji”yə keçidi özndə ehtiva edir. Qeyd etmək yerinə düşər ki, ötön müddət ərzində bu istiqamətdə kifayət qədər işlər görülüb və müxtəlif layihələr həyata keçirilib. Bir sözlə Azərbaycan alternativ enerji mənbələrindən daha çox istifadəni, “yaşıl enerji”yə keçidi qarşısına başlıca məqsəd kimi qoyub. Elə bu günlərdə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı da dediklərimizin əyani sübutudur”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışını şərh edərkən səsləndirib. Millət vəkili deyib ki, son illər dünyada enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri və dayanıqlı inkişaf məsələləri qlobal gündəliyin əsas mövzularına çevrilib:

“Azərbaycan bəşəriyyətimiz, onun xilası üçün nəzərdə tutulan bütün təşəbbüslərə hər zaman yaxından qoşulub, bu prosesdə fəallıq nümayiş etdirib. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı da hesab edirəm ki, əslində həmin çağırışlara vaxtında və praqmatik yanaşma ortaya qoymaqdır”.

Deputat qeyd edib ki, bu mühüm hadisə eyni zamanda ölkəmizin enerji sektorunun şaxələndirilməsi istiqamətində atılan strateji addımdır. İlham Məmmədov hesab edir ki, “Xızı-Abşeron” Külək Elektrik Stansiyası da məhz bu siyasətin mühüm tərkib hissəsi olaraq bərpaolunan enerji mənbələrinin payının artırılmasına xidmət edir:

“Layihənin əhəmiyyəti bir neçə əsas istiqamətdə özünü göstərir. İlk növbədə, külək enerjisindən istifadə ölkənin ənənəvi enerji mənbələrindən asılılığını azaldır və elektrik enerjisi istehsalında balansı daha dayanıqlı edir. Eyni zamanda enerji təhlükəsizliyimiz üçün zəmanət rolunu oynayır. Nəzərə almaq lazımdır ki, alternativ enerji mənbələrinin inkişafı karbon emissiyalarının azaldılmasına, ətraf mühitin qorunmasına və Azərbaycanın beynəlxalq iqlim öhdəliklərinə uyğun fəaliyyət göstərməsinə imkan verir. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışında Prezident İlham Əliyevin də iştirakı dövlətimizin, xüsusilə də dövlət başçısının bərpaolunan enerji sahəsinə verdiyi siyasi və strateji dəstəyin bariz nümunəsidir”.

Deputat qeyd edib ki, sözügedən layihədə xarici investorların iştirakı da onun əhəmiyyətini artıran məqamlardandır. İlham Məmmədov xatırladıb ki, Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə də alternativ bərpaolunan enerji mənbələrindən istifadə istiqamətində səmərəli əməkdaşlıq edir:

“Son illər Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin aparıcı enerji şirkətləri Azərbaycanda bərpaolunan enerji layihələrinə investisiya yatırmağa xüsusi maraq göstərirlər. Bu maraq ölkəmizin siyasi sabitliyi, əlverişli investisiya mühiti və şəffaf enerji siyasəti ilə birbaşa bağlıdır.

Xarici, xüsusilə ərəb investisiyalarının cəlb edilməsi Azərbaycanın enerji sektoruna müasir texnologiyaların transferini, qabaqcıl idarəetmə təcrübəsinin tətbiqini və beynəlxalq əməkdaşlığın genişlənməsini təmin edir. Bu isə Azərbaycanı regionda “yaşıl enerji” mərkəzlərindən birinə çevirmək baxımından mühüm üstünlüklər yaradır. Eyni zamanda belə layihələr ölkənin beynəlxalq enerji bazarlarında etibarlı tərəfdaş kimi nüfuzunu daha da möhkəmləndirir”.

Süleyman
Seçilən
45
1
newscenter.az

2Mənbələr