Sülh masasına gecikən Brüsselin Moskva dilemması
Ukrayna müharibəsinə təkcə regional silahlı qarşıdurma kimi deyil, eyni zamanda yeni dünya düzəninin yenidən formalaşdırılması uğrunda gedən qlobal geosiyasi mübarizənin əsas cəbhələrindən biri kimi baxmaq lazımdır. 2022-ci ildə Rusiyanın Ukrayna ərazilərini işğal etməsindən sonra Brüssel–Moskva xəttində siyasi dialoq faktiki olaraq donduruldu. Qərb ölkələri danışıqlardan imtina edərək sanksiyalar yolu ilə Rusiyaya təzyiq göstərməyə üstünlük versələr də, bu strategiya Moskvanı geri çəkilməyə məcbur edə bilmədi.
Sanksiyalar Rusiyanın iqtisadiyyatına və maliyyə sisteminə ciddi zərbələr vursa da, ölkəni tam çökdürmək mümkün olmadı. Əksinə, Moskva alternativ bazarlar, yeni tərəfdaşlıqlar və hərbi-sənaye kompleksinin gücləndirilməsi yolu ilə müqavimət imkanlarını qoruyub saxladı. Bu reallıq Qərbin sanksiya strategiyasının limitlərini açıq şəkildə üzə çıxardı.
Müharibənin gedişi göstərdi ki, Ukrayna böhranı faktiki olaraq ABŞ-Rusiya müstəvisində idarə olunur. Avropa Birliyi siyasi və maliyyə dəstəyinə baxmayaraq, strateji qərarların qəbulunda əsas aktor rolunda çıxış edə bilmədi. Trampın yenidən ABŞ prezidentliyinə qayıdışından sonra isə Rusiya–Ukrayna müharibəsi yeni fazaya daxil olub. Vaşinqtonun təşəbbüsü ilə atəşkəs və sülhün əldə olunmasına dair konkret plan formalaşıb və hazırda Vaşinqton–Kiyev–Moskva–Brüssel xətti üzrə intensiv müzakirə olunur.
Rəsmi açıqlamalara əsasən, tərəflər təqdim olunan planın 90–95 faizi ilə razıdır. Bu isə müharibənin diplomatik mərhələyə keçdiyini göstərən mühüm siqnaldır. Prosesin gedişində daha çox qazanan tərəflər kimi ABŞ və Rusiya görünür. Vaşinqton qlobal liderlik mövqeyini möhkəmləndirir, Moskva isə beynəlxalq sistemdə danışıqlar masasında əsas aktor statusunu bərpa edir. Brüssel isə kənardadır.
Avropa Birliyi də prosesdən müəyyən nəticə əldə etmək niyyətindədir, lakin Moskva ilə birbaşa dialoqun olmaması Brüsselin manevr imkanlarını məhdudlaşdırır. Məhz bu səbəbdən Aİ daxilində Rusiya ilə danışıqların bərpasına dair çağırışlar artmaqdadır. Fransa Prezidenti Emmanuel Makronun yaxın vaxtlarda Vladimir Putinlə telefon danışığı aparmaq niyyəti bu tendensiyanın bariz nümunəsidir. İtaliyanın Baş naziri Corcia Meloninin Aİ–Rusiya dialoqunun vaxtının çatdığını bəyan etməsi də eyni xəttin davamıdır.
Bununla belə, Avropa daxilində vahid mövqe yoxdur. Almaniya bu məsələdə daha ehtiyatlı və skeptik yanaşma sərgiləyir. Münhen Təhlükəsizlik Konfransının 2026-cı il üzrə sədri Volfqanq İşingerin fikrincə, hazırkı mərhələdə avropalılarla Rusiya arasında birbaşa danışıqların real mənası yoxdur. Onun qənaətinə görə, Moskva əsasən Vaşinqtonla dialoqa üstünlük verir və Avropanı ikinci dərəcəli aktor kimi görür.
Ukrayna Prezidenti Vladimir Zelenskinin mövqeyi isə daha praqmatikdir. O, Bloomberg-ə verdiyi müsahibədə bildirib ki, Rusiya danışıqlara ciddi yanaşacağı təqdirdə Avropanın Moskva ilə əməkdaşlığına etiraz etməyəcək. Zelenski xüsusilə ABŞ-ın təzyiqlərinin artdığı və Avropanın təhlükəsizlik zəmanətləri mövzusunu daha açıq müzakirə etdiyi bir dövrdə prosesin son mərhələyə doğru getdiyini vurğulayıb.
Eyni zamanda Zelenski Rusiyanın real diplomatiyaya hazır olmadığına dair şübhələrini də gizlətmir. O, Ukraynanın gələcəkdə bütün əraziləri üzərində suverenliyini bərpa etmək niyyətində olduğunu və işğal edilmiş torpaqları heç vaxt tanımayacağını qəti şəkildə bəyan edib. Bununla yanaşı, ABŞ-ı Rusiyanın təcavüzünə daha sistemli cavab verməyə çağıraraq, vəd edilən Patriot zenit-raket sistemlərinin hələ də tam təhvil verilmədiyini qeyd edib.
Avropa Birliyini Moskva ilə danışıqlara sövq edən digər mühüm faktor Tramp administrasiyasının son dövrlərdə yürütdüyü siyasətdir. Vaşinqtonun Avropanın təhlükəsizlik yükünü öz üzərindən qismən götürmək niyyəti Brüsseli daha müstəqil qərarlar verməyə məcbur edir. ABŞ-ın prioritetlərini dəyişməsi fonunda Avropa liderləri anlayır ki, uzunmüddətli təhlükəsizlik yalnız Vaşinqtonun dəstəyinə arxalanmaqla təmin edilə bilməz.
Nəticə etibarilə, Ukrayna müharibəsi yeni dünya düzəninin konturlarını formalaşdıran əsas sınaq meydanlarından birinə çevrilib. Bu prosesdə ABŞ və Rusiya əsas oyunçular olaraq qalır, Avropa isə ya diplomatik subyektə çevrilmək, ya da geosiyasi proseslərin kənarında qalmaq riski ilə üz-üzədir. Müharibənin sonu təkcə Ukraynanın taleyini deyil, həm də qlobal güc balansının gələcək arxitekturasını müəyyən edəcək.
Mürtəza