Azərbaycan 2025-ci ildə inflyasiya səviyyəsinə görə dünya üzrə 191 ölkə arasında 42-ci yerdə qərarlaşıb.
NOCOMMENT.az xəbər verir ki, ölkədə istehlak qiymətlərinin illik artımı 5,7 faiz təşkil edib. Bu barədə Visual Capitalist tərəfindən Beynəlxalq Valyuta Fondunun (BVF) dünya iqtisadiyyatının perspektivlərinə dair oktyabr hesabatı əsasında hazırlanan icmalda qeyd olunub.
Hesabata əsasən, ABŞ-nin ticarət tariflərinin son yüz ilin ən yüksək səviyyəsinə çatmasına baxmayaraq, 2025-ci ildə qlobal inflyasiya tempi yavaşlayaraq 4,2 faizə enib. İl ərzində ən yüksək inflyasiya göstəricisi Venesuelada qeydə alınıb – bu ölkədə qiymətlər 269,9 faiz artıb. ABŞ-də isə inflyasiya 2024-cü ildəki 3 faizdən 2025-ci ildə 2,7 faizə düşüb.
Dünyada ən aşağı inflyasiya göstəriciləri Panamada (−0,1 faiz), Çində (0 faiz), eləcə də Fici, Qətər, İsveçrə və Lixtenşteyndə (hər birində 0,1 faiz) müşahidə olunub. Region üzrə ən yüksək inflyasiya Türkiyədə qeydə alınıb – 34,9 faiz göstərici ilə bu ölkə qlobal reytinqdə 8-ci pillədə yer alıb. Rusiyada inflyasiya 9 faiz olub və ölkə 27-ci yerdə qərarlaşıb, Ukraynada isə bu göstərici 12,6 faiz təşkil edərək 20-ci mövqeyə uyğun gəlib.
Qonşu ölkələr arasında ən aşağı inflyasiya səviyyəsi Ermənistanda qeydə alınıb. Bu ölkədə istehlak qiymətlərinin artımı 3,3 faiz olub ki, bu da Ermənistanı dünya üzrə 98-ci yerə çıxarıb.