AZ

Cənubi Qafqazda iqtisadi fəallıq artır

2 min 698 ton neft məhsulu Böyük Kəsik stansiyasından İrəvana yön alıb

2025-ci il Cənubi Qafqaz üçün, xüsusilə də Azərbaycan–Ermənistan münasibətləri baxımından əlamətdar bir il kimi tarixə düşüb. Uzun illər davam edən gərginlik və qarşıdurmalardan sonra ötən ilin avqust ayında tərəflər ABŞ-ın vasitəçiliyi ilə sülh sazişini paraflayıblar. Bu addım regionda təhlükəsizlik mühitinin köklü şəkildə dəyişməsinə şərait yaradıb, de-fakto sülhün bərqərar olmasına gətirib çıxarıb.

Bundan əlavə, sülh prosesinin davamı olaraq ötən ilin sonlarına doğru rəsmi Bakı və İrəvan arasında ticarət əlaqələri qurulub. Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb. Belə ki, ötən il dekabrın 18-də Azərbaycanın neft məhsulları Ermənistana ixrac edilib. Daha öncə isə, Qazaxıstan və Rusiyadan buğdanın Azərbaycan ərazisindən keçməklə Ermənistana yola salınıb. Bütün bu addımlar Azərbaycanın sülh gündəliyinə sadiqliyini göstərir.

Ötən gün ölkəmizdən neft məhsullarının növbəti partiyası Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana göndərilib. Ümumilikdə 2698 ton neft məhsulu daşıyan 48 vaqon Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Daşınan yüklərə 1 742 ton "Aİ-95" markalı benzin və 956 ton dizel yanacağı daxildir.

Yeri gəlmişkən, Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sosial şəbəkələrdəki hesabında bildirib ki, 2026-cı il yanvar 8-nə olan məlumata görə, Azərbaycan ərazisindən dəmir yolu vasitəsilə Ermənistana artıq 8485 ton Rusiya taxılı çatıb.

O xatırladıb ki, ötən ildə Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 6 580 ton taxıl gətirilib ki, bunun da 1000 tonu Qazaxıstan, 5580 tonu isə Rusiya mənşəlidir, həmçinin 1210 ton Azərbaycan benzini də çatdırılıb.

Nazir, həmçinin qeyd edib ki, Azərbaycan neft məhsullarının yeni partiyasının gəlməsi ilə əlaqədar Ermənistanda benzin qiymətlərinin aşağı düşməsi gözlənilir: "Artıq qeyd etdiyim kimi, benzin və dizel yanacağının qiymətlərinin əvvəlki ayın qiymətləri ilə müqayisədə litr üçün 80 drama (0,36 manat qədər azalması gözlənilir. Məmnuniyyətlə bildirirəm ki, bu inkişafla əlaqədar olaraq, neft məhsullarının satışı ilə məşğul olan digər şirkətlər də qiymətlərin azaldılması üzərində işləyirlər".

Qeyd edək ki, mediyada yayılan xəbərlərə görə, “Ran Oil” şəbəkəsinin yanacaqdoldurma məntəqələrində “Aİ-95” markalı benzinin litri 430 drama (1,93 AZN) satılır. Azərbaycandan alınan “Aİ-95” markalı benzinin Rusiyadan idxal edilən yanacaqdan 17 faiz daha ucuz qiymətə satıldığı deyilir.

Eskpertlərin fikrincə, iki ölkə arasında neft məhsullarından başqa, digər sahələrdə də iqtisadi–ticarət əlaqələri qurula bilər. Mütəxəssislər qeyd edir ki, Azərbaycan və Ermənistan arasında 30-dan çox məhsulun idxal-ixrac əməliyyatının qurulması mümkündür. Bu da, öz növbəsində, böyük ticarət dövriyyəsinin yaranmasına səbəb ola bilər. Təsadüfi deyil ki, bu günlərdə Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan potensial qarşılıqlı ticarət üçün mal siyahılarının mübadiləsini aparır və öyrənir. Onun sözlərinə görə, Azərbaycanın neft məhsullarını Ermənistana satmaq təklifini Azərbaycan Baş nazirinin müavini delimitasiya komissiyalarının görüşündə irəli sürüb: “Biz dedik ki, belə bir imkan var (Azərbaycanın neft məhsullarını almaq). Və hər iki tərəfdən şirkətlər, səhv etmirəmsə, bizim tərəfdən 2 şirkət əlaqə qurdu”.

Yada salaq ki, hələ 2024-cü ilin aprel ayında Prezident İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı beynəlxalq forumda Ermənistanın gələcəkdə Azərbaycan qazını almasının mümkünlüyünü bəyan etmişdi. Dövlət başçısı vurğulamışdı ki, Gürcüstanın qaz təchizatının təxminən 100 faizini Azərbaycan təmin edir. Potensial qaydada, xüsusən də, Gürcüstan üçün qaz qiymətinin çox əlverişli və güzəştli olmasını nəzərə alaraq, Ermənistan da Azərbaycan qazını ala bilər. Yaxınlıq, infrastruktur baxımından, əlbəttə ki, bu cür əməkdaşlıq təbii olardı. Həmçinin Ermənistanın Qara dənizin dibi ilə çəkiləcək kabel layihəsinə qoşulmaq istəyi də məlumdur. Lakin postmüharibə dövründə uzun müddət Azərbaycanla münasibətlərin normallaşmaması səbəbindən Ermənistan bu layihəyə qoşulmaq imkanından kənarda qalıb.

Bir məqam da ondan ibarətdir ki, Azərbaycan Cənubi Qafqazın inkişafında, iqtisadi-ticarət əlaqələrinin genişlənməsində və regionda təhlükəsizliyin təmin olunmasında hər zaman lider mövqeyində olub. Bu çərçivədə Azərbaycan və Gürcüstan region üçün praktiki əhəmiyyət kəsb edən məsələlər — daşımalar, enerji sahəsi və potensial ticarət münasibətləri ilə bağlı işlər üzrə üçtərəfli məsləhətləşmələrin başlanmasını bir neçə dəfə müzakirə etməyi təklif ediblər. Lakin rəsmi İrəvan bu təşəbbüslərdən hər dəfə imtina edib.

Sonda qeyd edək ki, TRIPP (Zəngəzur dəhlizi) layihəsinin regional nəqliyyat bağlantıları baxımından yeni və strateji imkanlar yaradacağına dair gözləntilər yüksəkdir. Bu dəhlizin istifadəyə verilməsi Cənubi Qafqazda nəqliyyat-logistika şəbəkəsinin şaxələndirilməsinə, regionun beynəlxalq tranzit marşrutlarındakı rolunun güclənməsinə və ölkələr arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verə bilər. Eyni zamanda, Zəngəzur dəhlizi Azərbaycan ilə Ermənistan arasında ticarət münasibətlərinin formalaşmasına və genişlənməsinə əlavə impuls yaradar.

Musa BAĞIRLI
XQ

Seçilən
30
1
xalqqazeti.az

2Mənbələr