Lənkəran şəhərində fəaliyyət göstərən “Riva Hill Resort” kanalizasiya sularını heç bir təmizləmə aparmadan birbaşa çaya axıtması ilə bağlı ciddi faktlar yayılıb.
Ekologiya.az-a gödərilən şikayətdə bildirilib ki, bu hal sahibkar tərəfindən artıq sadəcə səhlənkarlıq deyil, açıq ekoloji cinayətə yol açır.
Yerində aparılan müşahidələr göstərir ki, çaya axıdılan çirkab suları kəskin üfunət yayır, suyun rəngi dəyişib, canlı aləmin məhvinə səbəb olur. Yerli sakinlər bildirir ki, bu vəziyyət uzun müddətdir davam edir, lakin indiyədək heç bir rəsmi tədbir görülməyib.
Mütəxəssislərin fikrincə, kanalizasiya sularının təmizlənmədən su hövzələrinə axıdılması Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” qanununun və digər normativ aktların kobud şəkildə pozulmasıdır. Bu cür hallar inzibati cərimə ilə yanaşı, cinayət məsuliyyəti də yarada bilər.
Daha da narahatedici məqam ondan ibarətdir ki, Lənkəran ekoloji baxımdan xüsusi həssas bölgədir və bu cür məsuliyyətsiz fəaliyyət təkcə təbiətə deyil, insan sağlamlığına da birbaşa təhlükə yaradır. Çirkab sularının çaya axıdılması epidemioloji riskləri artırır və regionun gələcəyini sual altına qoyur.
İctimaiyyət haqlı olaraq sual edir:
Bu qanunsuzluğa niyə göz yumulur? Kimlər “Riva Hill Resort” himayə edir?
İnanırıq ki, aidiyyatı qurumlar məsələ ilə bağlı hər hansı bir tədbir görərəcək.
Əgər bu gün bu ekoloji cinayətə göz yumulursa, sabah Lənkəranın çayları tamamilə kanalizasiya xətlərinə çevrilə bilər. Aldığımız məlumata görə adı çəkilən otel iş adamına məxsusdur.Araşdırmalarımız davam edir.Mövzuya qayıdacağıq.