İrandan etiraz aksiyaları, toqquşma və ölüm xəbərləri artıq adiləşir. Xarici ölkələrdən İrana uçuşlar dayandırılmaqdadır. İqtisadi çətinliklər və maliyyə böhranı fonunda başlayan aksiyalar artıq İran rejiminin gələcəyi ilə bağlı sual yaratmaqdadır. Bəs müxtəlif dövrlərdə baş verən etiraz aksiyaları səngitməyə, yatırmağa nail olmuş İran rejimi niyə hazırda böhranlı durumla üzləşib?
Bunun iki əsas səbəbi var. Nəzərə almaq lazımdır ki, dövlətin əsas missiyası təhlükəsizliyi və iqtisadi rifahı təmin etməkdir. İrandakı rejimi ötən dövrdə bu iki missiyanın heç birini yerinə yetirmək potensialında olmadığını ortaya qoyub. Qəzzadan başlamış Livan, Suriya və İraqda bir zaman əsas nüfuz sahibi, yaxud iki əsas nüfuz sahibindən biri olmuş rejim artıq bu yerlərdə nəinki nüfuzunu itirib, keçən il İsraillə 12 günlük qarşıdurma zamanı öz hava məkanını, paytaxtını belə qorumaq gücündə olmadığını ortaya qoydu. Yəni paytaxtında özünü, vətəndaşını qorumaqda aciz olduğu üzə çıxdı.
İranda rejim əhalinin iqtisadi rifahını təmin etməyə qadir olmadığın isə 40 ildən bir müddətdə göstərdi.
Bütün bunların fonunda isə çoxmillətli ölkə olan İranda milli zəmində durumun da kəskinləşməsi üçün münbit şərait formalaşmaya bilməz.
Belə durumda isə artıq Azərbaycan və Türkiyə başda olmaqla, ümumən Türk Dünyasının əhalisinin yarıdan çoxu Azərbaycan türkü olan bu ölkə ilə bağlı hazırlıqlara indidən başlaması, proseslərin həlledici məqamlarında müvafiq strategiyaları, əməli addımları həyata keçirməyə hazır olması bir tələbə çevrilir. Bu, artıq Türd Dünyası üçün əsas missiyaya çevrilir.