AZ

Taxta üzərində oyma: yaradıcılıqla dəyişən həyat və mənəvi rahatlıq

Bərdə, 10 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Həyat bəzən insanı özünə qapadır. Amma insanın həyatını dəyişmək üçün kiçik bir dəvət, bir toxunuş və inam kifayət edir. Qəhrəmanımız Rüfət Hüseynov kimi. Onun taxta üzərində oyma sənətini öyrənərək keçdiyi yol, həm şəxsi inkişafın, həm də sosial faydanın bariz nümunəsidir.

Rüfət Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, əvvəllər əlilliyi səbəbindən özünə qapanaraq evdə oturub, heç bir işlə məşğul olmayıb. “Həmişə özümə qapanırdım, evdə oturub günləri boş keçirirdim. Heç bir fəaliyyətim yox idi,” – deyə o xatırlayır.

Rüfət deyir ki, həyatının dönüş nöqtəsi DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanışlığı olub: “Bu sənəti öyrənməyimin səbəbi Asif Qasımov olub. Məni dəvət etdi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində taxta üzərində oyma sənətini öyrəndim. Burada bizim üçün hər cür şərait yaradılmışdı. İlk dəfə taxta üzərində işləyəndə özümü tapdım. Bu sənət mənə mənəvi rahatlıq gətirdi. Taxta üzərində oyma sənətini benefisiar kimi öyrənəndən sonra məni DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Bərdədə yerləşən Qarabağ “DOST Evi” şöbəsinə göndərdilər. Hazırda burada təlimçi kimi fəaliyyət göstərirəm və indi mənim özümün benefisarlarım var. Oyma sənəti mənim sevdiyim işdir. Öz fikirlərimi taxta üzərində əks etdirirəm. Bu iş mənə mənəvi rahatlıq gətirir. Öz fikirlərimi taxta üzərində işləyirəm ki, sənət əsəri kimi qalsın. Eyni zamanda, qədim oyma sənətini yaşadıram”.

Rüfət Hüseynov yaradıcılığında müxtəlif mövzulara müraciət edir. “Daha çox Qarabağ, Bakı, tarixi-mədəni irsimiz kimi mövzulara üstünlük veririk. Əsasən cökə, şam və qoz ağacları ilə işləyirik. Amma oyma işi üçün ən yaxşısı cökə ağacıdır. Hazırda düşünən adam əsəri üzərində işləyirəm”, – deyə o bildirib.

Rüfət əlilliyi olan insanlara çağırış edərək, onları dövlətin yaratdığı imkanlardan yararlanaraq sənət öyrənməyə, cəmiyyətə fayda verməyə və başqalarına nümunə olmağa çağırıb: “Əlilliyi olan insanlara sözüm öldür ki, özlərinə qapanmasınlar. Yaşamaq, yaratmaq, işləmək lazımdır. Dövlətin yaratdığı mərkəzlərdən faydalansınlar. Necə ki, mən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində bədii oyma sənətini öyrəndim. İndi isə təlimçiyəm”.

O, həmçinin öz işinə dair bir şüar da qeyd edir: “Atma, yarat, sat. Adi bir taxta parçasını sənət əsərinə çeviririk”. Rüfət Hüseynovun hekayəsi göstərir ki, insan həyatı yaratmaq və paylaşmaqla hər an dəyişə bilər. Necə ki, adi bir taxta parçasını sənət əsərinə çevirmək mümkündür.

Seçilən
79
azertag.az

1Mənbələr