Unudulmaz qrossmeysterin şah əsərləri – Bakı “Qran-pri”si və Novi Sad qızılları
2014-cü il yanvarın 11-də istedadının sürətlə çiçəkləndiyi, zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş gedişlərlə şahmat dünyasını mat qoyduğu bir vaxtda, cəmi 27 yaşında həyata vida etmiş Azərbaycan idmanı tarixində ən görkəmli şəxsiyyətlərdən biri qrossmeyster Vüqar Qasım oğlu Həşimovun sabah anım günüdür. Dərin hörmət və ehtiramla yad edirik.
Artıq 12 ildir ki, əbədiyyətə qovuşmuş Vüqar hələ çox gənc olmasına baxmayaraq, dünya şahmatında şərəfli bir yol keçib, dərin iz buraxmağı bacarmışdı. Onu təkcə vətəni Azərbaycanda deyil, qədim və müdrik oyunun ən yüksək səviyyədə inkişaf etdiyi ölkələrdə də sevir, ünvanına ürəkdən gələn xoş sözlər söyləməyə xəsislik etmirdilər. Azərbaycan şahmatının yetirməsi mükəmməl oyunu və nəcib insani keyfiyyətləri ilə şahmat aləminin sevimlisinə çevrilmişdi.
Dünya şahmatının nəhəngləri hindistanlı Vişvanatan Anand, bolqar Veselin Topalov, norveçli dahi Maqnus Karlsen, rusiyalı Vladimir Kramnik və daha neçə-neçə parlaq zəka sahibi Vüqarla görüşlərdən, dostluqdan, ünsiyyətdən böyük zövq alır və bu barədə həmişə, hər yerdə ona rəğbətlə söhbət açırdılar.
İstər şəxsi turnirlərdə, istərsə də komanda şəklində bir çox mötəbər beynəlxalq yarışda uğurla çıxış etmiş unudulmaz qrossmeysterin iki böyük qələbəsi şahmat ictimaiyyətimizin daha çox yadında qalıb. Həşimovun 22-23 yaşlarına təsadüf etmiş həmin nailiyyətləri hər biri silinməz tarixdir və çox geniş əks-səda doğurmuşdu.
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) “Qran-pri” yarışlarının növbəti mərhələsi 2008-ci ilin baharında Bakıda keçirilirdi. Turnirin mükafatları uğrunda “meydan” sahibləri Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və onların qonaqları rusiyalılar Aleksandr Qrişuk, Pyotr Svidler, Ernesto İnarkiyev, ukraynalı Sergey Karyakin, Van Yue (Çin), Maykl Adams (İngiltərə), Maqnus Karlsen (Norveç), İvan Çeparinov (Bolqarıstan) və çexiyalı David Navara mübarizə aparırdılar.
Turnir Həşimovun möhtəşəm zəfəri ilə əlamətdar oldu. Qrossmeysterimiz Yue və Karlsenlə eyni nəticə göstərdi (hərəyə 8 xal), amma daha yaxşı əlavə göstəricilərə görə birinci yeri tutub, yarışın baş mükafatını qazandı. Əksər mütəxəssislərin təəccübünə səbəb olan bu qələbə beynəlxalq miqyasda Vüqarın çox böyük uğuru idi. Ona “Qran-pri”nin baş mükafatının doğulub, boya-başa çatdığı şəhərdə təqdim olunması isə bu zəfərə xüsusi məna verirdi.
Qrossmeysterlərin Bakı sammitindən bir il sonra, 2009-cu ilin payızında Serbiyanın Novi Sad şəhərində təşkil edilən Avropa komanda çempionatı da unudulası yarış deyil. Millimizin tarixdə ilk dəfə qitə çempionu olub, Novi Saddan “bir dəst qızıl gül” ilə qayıtmasında həlledici sözü məhz Həşimov demişdi. Sonuncu turda Niderland komandası ilə matçda ikinci taxtada Vüqarın Daniel Stelvagen ilə uzun çəkən ağır görüşdə qələbəsi qızıl medalların taleyini millimizin xeyrinə həll etdi (2,5:1,5). Bununla da Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Qədir Hüseynovdan ibarət Azərbaycan komandası Avropa çempionatları tarixində ilk dəfə ən yüksək zirvəni fəth etdi.
Bakı və Novi Sad zəfərləri Vüqar Həşimovun şah əsərləri idi. Yaşasaydı, Azərbaycana daha neçə-neçə qələbə və medal sevinci bəxş edəcəkdi... Ruhu şad olsun!
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist