Bir telefon mağazasının sifariş etdiyi mobil telefonlar düz 16 il sonra çatdırılıb.
Ölkə.Az xəbər verir ki, qeyri-adi vəziyyət Liviyada yaşanıb.
Buna səbəb isə sözügedən ölkədə vətəndaş müharibəsinin olmasıdır.
Belə ki, Liviyada bir telefon mağazası sahibi 2010-cu ildə o dövrdə bazarın ən güclü brendlərindən biri olan “Nokia” telefonlarını sifariş edib.
2011-ci ildə Liviyada vətəndaş müharibəsi başladıqdan sonra, logistika xətlərinin dağılması, gömrüklərin işləyə bilməməsi və təhlükəsizlik problemlərinə görə sifarişlər uzun illər anbarlarda qalıb.
Artıq mağaza sahibinin belə unutduğu telefonlar 16 il sonra çatdırılanda o təəccübünü gizlədə bilməyib. Qutuları açan dükançı zarafatla “Bunlar telefonlardır, yoxsa tarixi əsərlərdir?”, deyə sual edib. Həmin anda çəkilmiş video sosial şəbəkələrdə qısa zamanda viral olub.
Bu çatdırılma müharibələrin nəinki böyük itkilərə, hətta bəzən illər sonra ortaya çıxan qəribə və düşündürücü hekayələrə səbəb ola biləcəyini ortaya qoyub.
Qeyd edək ki, 2011-ci ildə Liviyada Müəmmər Qəddafi devrildikdən sonra siyasi böhran və silahlı qarşıdurma başlayıb və bu, uzunmüddətli vətəndaş müharibəsinə çevrilib. 2020-ci ildə Qərb (Tripoli) və Şərq (Tobruk) arasında BMT tərəfindən vasitəçiliklə atəşkəs əldə olunub, bu döyüşləri azaldıb.
Siyasi hakimiyyət ələ keçirmək üçün qruplar arasında siyasi və bəzən silahlı qarşıdurmalar davam edir. Ölkədə formal olaraq vahid idarəçilik yoxdur və müxtəlif bölgələrdə lokal silahlı qruplar hələ də təsir göstərir.
BMT və beynəlxalq təşkilatlar sülh prosesini davam etdirməyə çalışır, amma davamlı siyasi barışıq hələlik əldə olunmayıb.
Liviyada əvvəlki kimi genişmiqyaslı vətəndaş müharibəsi səngisə də, siyasi böhran və qeyri-sabitlik hələ də mövcuddur. Qısa fasilələrdə atəşkəs olsa da, ölkədə vahid və dözümlü sülh rejimi hələ formalaşmayıb və silahlı qruplar arasında gərginlik davam edir.
Billurə