AZ

Minlərlə şəxsə ŞAD XƏBƏR – Ödənişlərdən AZAD EDİLİRLƏR

Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı sənədlərə görə rüsumdan azad edilir.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 6-cı və “Dövlət rüsumu haqqında” qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edilib.

NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov mövzunu şərh edərək bildirib ki, bu dəyişiklik sosial ədalətin təminatı baxımından əhəmiyyətlidir, eyni zamanda iqtisadi baxımdan da strateji nəticələrə malikdir:

“Müharibə əlilləri və şəhid ailələrinin dövlət rüsumundan azad edilməsi onların daşınmaz əmlak əməliyyatlarını daha əlçatan edir, maliyyə yükünü aradan qaldırır və əmlak hüquqlarının qorunmasını gücləndirir. Bu addım yalnız şəxsi mülkiyyətin qorunması deyil, həm də iqtisadi aktivliyi təşviq edir.

Rüsumların ləğvi nəticəsində müharibə əlilləri və şəhid ailələri əmlaklarını rahat şəkildə satmaq, kirayə vermək, ipoteka və digər hüquqi əməliyyatlar həyata keçirmək imkanına malik olurlar. Bu isə onların maliyyə vəziyyətinə birbaşa müsbət təsir göstərir, həmçinin yerli daşınmaz əmlak bazarında likvidliyi artırır və bazar əməliyyatlarının fəallığını yüksəldir.”

Əkrəm Həsənov qeyd edir ki, qanunun tətbiqi iqtisadi bərabərliyi gücləndirib:

“Digər vətəndaşlar üçün bu əməliyyatlar müəyyən rüsumlarla müşayiət olunur, lakin sosial cəhətdən həssas kateqoriyadan olan şəxslərin azad edilməsi həm də iqtisadi ədalətin təminatıdır. Bu addım onların hüquqlarının qorunmasını təmin etməklə yanaşı, dövlətin sosial məsuliyyət prinsipini iqtisadi sahəyə də uzadır.”

Ekspert həmçinin vurğulayıb ki, bu qanun sosial və iqtisadi siyasəti uzlaşdıran vacib mexanizmdir:

“Müharibə əlilləri və şəhid ailələri yalnız mənəvi deyil, hüquqi və iqtisadi baxımdan da dövlətin diqqətini hiss etməlidirlər. Rüsumdan azad edilmə onların həyat şəraitini yaxşılaşdırır, iqtisadi fəaliyyətlərini asanlaşdırır və yerli bazarda əməliyyatların artmasına səbəb olur. Eyni zamanda bu, dövlətin sosial siyasətini iqtisadi siyasətlə uzlaşdırmaq və sosial rifahı yüksəltmək üçün əhəmiyyətli addımdır”.

Seçilən
55
1
nocomment.az

2Mənbələr