Tbilisi, 10 yanvar, AZƏRTAC
Bu gün Tbilisidə çox mötəbər idman yarışı keçirilir. Dünya Karate Federasiyasının təşkilatçılığı ilə keçirilən “Karate 1 – Series A” turnirində 77 ölkədən 1200-dən çox idmançı iştirak edir. Eyni zamanda, çox yüksəkdərəcəli beynəlxalq hakimlərin təmsil olunduğu turniri Dünya Karate Federasiyasının prezidenti Antonio Espinos da yaxından izləyir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Karate Federasiyasının prezidenti Timur Qiqnadze söyləyib. Onun sözlərinə görə, bu, karate idmanı üçün ilin uğurlu başlanğıcı deməkdir. Eyni zamanda, idmançılar üçün öz güclərini nümayiş etdirmək və beynəlxalq təcrübə qazanmaq baxımından çox yaxşı fürsətdir.
Federasiya prezidenti Azərbaycan idmançılarının turnirdə iştirakını yüksək qiymətləndirib: "Azərbaycan bu yarışda çox güclü komanda ilə iştirak edir. Artıq danılmaz faktdır ki, Azərbaycanın karate üzrə güclü yığması var və onlar hər zaman yüksək nəticələr göstərirlər. Uğurların əldə olunmasında Azərbaycan Karate Federasiyasının böyük zəhməti var və bu iş davamlı şəkildə aparılır. Əminəm ki, gələcəkdə də Azərbaycan karateçiləri hər zaman peşəkar çıxışlar nümayiş etdirəcəklər. Bu, bizim üçün də çox vacibdir. Azərbaycanla bizi qədim dostluq əlaqələri birləşdirir. Azərbaycanda idmanın inkişafı Gürcüstan üçün də faydalıdır və biz hər zaman bir-birimizə dəstək oluruq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi