AZ

Xameneyidən sonra İranda hansı idarəetmə sistemi yaradılacaq? – MÜHÜM MƏQAMLAR

İranda molla rejimi son 46 ilin ən ciddi və ağır sınaqları ilə üz-üzədir. Ölkəni bürüyən kütləvi etiraz aksiyaları əvvəlki illərlə müqayisədə daha radikal və qətiyyətli xarakter daşıyır. Bu proseslər fonunda rejimin devriləcəyi halda İranın hansı idarəetmə sistemi ilə əvəz oluna biləcəyi məsələsi də aktiv şəkildə müzakirə olunur.

Maraqlıdır, yenidən şah rejimi bərqərar oluna bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, son dövrlər İranda şah rejiminin yenidən bərpası ilə bağlı iddialar güclənib. Onun sözlərinə görə, İran şahının oğlu Rza Pəhləvinin fəallaşması və ABŞ ilə İsrailin ona dolayısı dəstək verməsi bu ehtimalları daha da artırır:

Oqtay Qasımov

“Artıq İranda müəyyən bölgələrdə şah rejiminin bərpasını dəstəkləyən şüarlar səsləndirilir. Lakin bu çağırışlar əsasən farsların yaşadığı əyalətlərdə müşahidə olunur.”

Ekspert vurğulayıb ki, qeyri-fars millətlərin yaşadığı bölgələrdə, xüsusilə azərbaycanlıların kompakt məskunlaşdığı vilayətlərdə bu ideyaya daha ehtiyatlı və mənfi münasibət var. Səbəb isə Pəhləvi rejimi dövründə ən ciddi repressiyalara məhz azərbaycan türklərinin məruz qalmasıdır.

Oqtay Qasımovun fikrincə, İran cəmiyyətində monarxiyanın bərpası ilə bağlı fikir birliyi mövcud deyil. Buna baxmayaraq, ABŞ və bəzi Qərb dairələri, eləcə də İsrail İranda öz maraqlarına daha yaxın hesab etdikləri şahın oğlunun hakimiyyətə gətirilməsində maraqlı ola bilərlər:

“Rza Pəhləvi siyasi baxımdan yetkin olmayan, xarici təsirlərə açıq bir fiqur kimi dəyərləndirilir. Bu da müəyyən güclərin onu önə çəkməsində rol oynayır.”

Siyasi şərhçi xatırladıb ki, oxşar ssenari vaxtilə Əfqanıstanda da müzakirə olunmuş, keçmiş Zahir şahın və ya onun nəslinin hakimiyyətə qaytarılması ideyası gündəmə gəlmişdi. Lakin bu cəhdlər uğurla nəticələnməmişdi.

Qasımov qeyd edib ki, şah rejiminin devrilməsindən artıq 47 il keçib və bu müddətdə İranda tamamilə yeni nəsil formalaşıb. Bu səbəbdən monarxiyanın bərpası ciddi daxili qarşıdurmalara yol aça bilər:

“Hazırda İran elitasında monarxiyanın bərpasında daha çox fars dairələri maraqlıdır. Bu yolda Qərblə anlaşmalar və şahın oğlu ilə müxtəlif siyasi danışıqlar istisna edilmir.”

Siyasi şərhçinin fikrincə, şah rejiminin bərpası ehtimalı tam istisna olunmur. Lakin bu ssenarinin gerçəkləşib-gerçəkləşməyəcəyi İranda davam edən etiraz aksiyalarının gələcək istiqamətindən, eləcə də ölkədə yaşayan müxtəlif toplumların bu məsələyə münasibətindən birbaşa asılı olacaq.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
91
1
konkret.az

2Mənbələr