Azərbaycan Premyer Liqasında 2025/26-cı illər mövsümünün 16 turu əhatə edən birinci yarısı arxada qaldı.
"Sabah" qış fasiləsinə lider, "Karvan-Yevlax" isə sonuncu pillənin sahibi kimi yollandı.
Uzun aradan sonra 12 komandanın təmsil olunduğu liqa 7 şəhəri əhatə etdi.
2 debütantın yer aldığı çempionatda klublar özünü necə göstərdi?
Verilmiş 1 aylıq fasiləni nəzərə alıb, biz də ardıcıllıqla komandaların 16 turdakı fəaliyyətinə göz atmağa çalışacağıq.
Növbə “Zirə”dədir…
Rəşad Sadıqovun kollektivi üçün mövsümün birinci yarısını tam da uğurlu hesab etmək olmaz.
“Qartallar” öncə avrokuboklarda “Hayduk”a uduzmaqla (1:2, 1:1) mübarizəni erkən dayandırdı.
16 turdan sonra komanda 28 xalla 3-cü pillədə yer alır. Amma 6-cı sıra ilə arada cəmi 2 xal fərq var.
Bunda 7 görüşdə bərabərliyin qeydə alınması az rol oynamayıb. Heç-heçələrin sayına görə komanda ilk “altılıq”dakı bütün rəqibləri qabaqlayır.
Əvvəlki illərdə “Zirə”nin ən böyük üstünlüyü autsayder və ortabablarla oyunlardan maksimum xalla çıxması olurdu.
Bu mövsüm vəziyyət burada da ürəkaçan deyil. “İmişli” ilə iki oyunda qeydə alınan bərabərlik və “Şamaxı”dan alınan yenilgi neqativ olaylar arasındadır.
Oyun baxımından rəqiblərindən ciddi mənada geri qaldığını demək olmaz.
Təbii ki, “Sabah”la oyunda alınan 0:3 hesablı məğlubiyyət xaric. Həmin günü uğurulu mövsüm keçirən “tələbələr” rəqibinə aman verməmişdi.
Xal ehtiyatının az olması əsas narahatlıq doğuran məqamdır.
Bunda heyətdə ciddi itkilərin olması əsas təsiredici məqam kimi göstərilə bilər. Məsələn, Sadıqov 6-cı turdan sonra əsas forvardı David Volkovun xidmətindən məhrumdur. Gürcüstanlı meydana çıxdığı 6 görüşdə 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalmışdı. Zədə almasa, faydası bundan ən azı 2 dəfə artıq ola bilərdi.
Sol cinahın vazkeçilməz simasına çevrilən İssa Cibbrillanən zədədən əziyyət çəkməsi də “Zirə”yə az zərbə vurmadı. Cəmi 7 görüşdə start heyətində yer alan nigerli oyunçu adına 4 qol, 2 məhsuldar ötürmə yazdıra bilib.
Zaman-zaman başqa zədəli, cəzalı oyunçuların olması da təcrübəli mütəxəssisi pis vəziyyətdə buraxıb.
Lakin xüsusilə İssa və Davidin yoxluğunu doldurmaq faktiki mümkün olmur. İkili mövsümün ikinci yarısında da tam formada geri qayıtmasalar, “Zirə”nin hətta olduğu yerdə qalması da asan olmayacaq.
XANOĞLAN İMANOV