ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Aleksandr Vinnikov alyansın Azərbaycanla Ermənistan arasında normallaşması prosesi üzrə əldə olunan irəliləyişləri alqışladığını və dəstəklədiyi bildirib.
Onun sözlərinə görə, bu, Qara dəniz regionu üzrə sabitlik üçün əsas əhəmiyyət daşıyır. Vinnikov həmçinin regional sabitlik və təhlükəsizliyin güclənəcəyini, bölgə ölkələri ilə NATO arasında tərəfdaşlıqların daha da möhkəmləndiriləcəyini deyib.
O qeyd edib ki, Azərbaycan NATO-nun ən fəal tərəfdaşlarından biridir, Alyansın tərəfdaşlıq alətlərindən geniş istifadə edir və əməkdaşlığın daha da dərinləşdirilməsinə davamlı maraq göstərir.
Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, bəzi həqiqətləri gizlətmək mümkün deyil:
“Bu, bütün tərəflərin etirafı ilə ortaya çıxır və onu ifadə edənlərin cəmiyyətdəki nüfuzunun artmasına səbəb olur. Bunlardan biri də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və onun regiona sabitlik gətirməsidir. Bu həqiqəti nə Rusiya, nə NATO, nə də Birləşmiş Ştatlar gizlədə bilmir, hamısı məsələni yaxşı başa düşür.
Müqavilənin imzalanması yalnız regiona deyil, daha geniş bir coğrafiyaya da sülh gətirə bilər. Məhz bu səbəbdən Qafqaz uğrunda müxtəlif tərəflərin mübarizəsini müşahidə edirik. Lakin sülh müqaviləsinin imzalanması və sabitlik anlayışına hər bir tərəfin özünəməxsus baxışı mövcuddur.
ABŞ prosesi bir cür qiymətləndirir, Rusiya tamamilə fərqli yanaşır, NATO isə məsələyə özünəməxsus prizmadən baxır. NATO təmsilçisinin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının regiona sabitlik gətirəcəyi və Alyans ilə əməkdaşlığa töhfə verəcəyi barədə baxışı, təbii ki, Rusiyanın mövqeyi ilə üst-üstə düşmür. Eyni zamanda, bu yanaşma Birləşmiş Ştatların mövqeyi ilə də ziddiyyət təşkil edir.
Lakin həqiqəti etiraf etməkdən başqa çıxış yolu yoxdur. Onlar həm Azərbaycan, həm də Ermənistan cəmiyyətlərinin sülhə olan maraqlarını qəbul etməlidirlər. Sadəcə olaraq, bu reallıqdan istifadə edərək öz mövqelərini Cənubi Qafqazda möhkəmləndirmək istiqamətində səylər göstərirlər”.
Mütəllim Rəhimli
Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan sülh prosesində aparıcı rola malikdir:
“Bakı regionda sülhün qorunması üçün əlindən gələni etdiyini dəfələrlə bəyan edib. Lakin iki ölkə arasında formalaşan sülh münasibətləri üçüncü tərəflərin siyasi maraqlarına xidmət etməməlidir. Azərbaycan öz prinsipial siyasətində bu mövqeyi ardıcıl şəkildə həyata keçirir və bundan sonra da davam etdirməlidir.
Vaxtilə Azərbaycan və Ermənistan arasındakı münaqişədən istifadə edərək tərəflər regiona müdaxilə etməyə çalışırdılarsa, bu gün onlar iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına istinad edərək regionda möhkəmlənməyə can atırlar. Buna görə də biz kənar dövlətlərin “regionda sülh yaransın” deyə verdikləri bəyanatlarının əslində sülh yaratmaq məqsədinə xidmət etmədiyini, daha çox şəxsi maraqlarına yönəldiyini qəbul etməliyik. Bu baxımdan, onların sülh missiyasının siyasi çağırışlar daşıdığını nəzərə almalı və məsələyə kifayət qədər ehtiyatla yanaşmalıyıq”.
Turan Rzayev
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.