AZ

Ölkəmizdə investor hüquqlarının qorunması baxımından mükəmməl qanunlar mövcuddur - RƏY

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanın iqtisadi inkişafında mühüm mərhələlər yaşanır. Xüsusilə, xarici sərmayənin cəlb olunması istiqamətində atılan addımlar ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirməkdədir. Dövlət başçısının Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa edilən stansiyanın açılış mərasimindəki çıxışı da bu baxımdan xüsusi önəm daşıyır. Prezident İlham Əliyev çıxışında Azərbaycanın etibarlı dövlət olduğunu vurğulayaraq, həm yerli, həm də xarici investorları iqtisadiyyatımıza sərmayə yatırmağa dəvət edib. Bu çağırış təkcə iqtisadi deyil, həm də siyasi sabitliyin və şəffaf mühitin rəmzi kimi dəyərləndirilir.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib ki, Azərbaycan investisiya qoyuluşu baxımından ən münbit ölkələrdən biridir.

 

Aydın

 

Deputat vurğulayıb ki, ölkəmizdə investisiya qoyuluşu üçün münbit şərait mövcuddur:

 

"Bunları şərtləndirən ən birinci amillərdən biri həmin ölkənin qanunvericilik bazasının olmasıdır. Ölkəmizdə isə investor hüquqlarının qorunması baxımından mükəmməl qanunlar mövcuddur. İkinci şərt stabillik, təhlükəsizlikdir. İnvestor tam inanmalıdır ki, qoyduğu investisiyadan öz gəlirlərini götürə biləcək. Digər şərt həmin ölkənin etibarlılığıdır. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır, üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. İndiyə qədər Azərbaycana 300 milyarddan çox xarici investisiya cəlb olunub. Dövlətimizin bağladığı müqavilələr indiyə qədər öz qüvvəsindədir. Məlumdur ki,1994-cü ildə neft-qaz konsorsiumunda əldə olunan müqavilələrdə göstərilən şərtlər bu günə qədər öz qüvvəsini saxlayır. Həm də Azərbaycanda resurslar mövcuddur. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycanın investisiya qoyuluşu baxımından ən böyük resurslarından biri alternativ, bərpa olunan enerji mənbələridir. Həm Xəzər dənizində, həm Abşeron yarımadasında, eləcə də Şərqi Zəngəzurda, Qarabağ iqtisadi zonasında böyük enerji mənbələrimiz var. Külək, günəş, hidro enerji sahəsinə investisiya qoyuluşu ilə bağlı ölkəmizin çağırışları var. Beynəlxalq maliyyə qurumları və beynəlxalq reytinqi müəyyənləşdirilən qurumlar da Azərbaycanın reytinqini daim yüksək qiymətləndirirlər. Bunun özü də ən müsbət göstəricilərdən biridir. Bu faktorlar Azərbaycanda investisiya mühitinin yüksək səviyyədə olmasını özündə əks etdirir".

 

İqtisadçı-ekspert Xalid Kərimli isə bildirib ki, investisiya ölkədə iqtisadi artıma müsbət təsir edir:

 

Rublun

 

"Yeni iş yerləri açılır, ölkəyə müasir texnologiyalar, yeni idarəetmə bilikləri gəlir. İxrac imkanları artır. İnvestisiya o ölkələrə qoyulur ki, investor fikirləşir, qoyduğu investisiyanın müqabilində qazanc əldə edə biləcək, sonra istehsal etdiyi məhsulu ya yerli, ya da xarici bazarda satıb, qoyduğu pulu qazancla birgə götürə biləcək, sərfəli investisiya olacaq. Bütün dünya ölkələri çalışırlar ki, özlərinə investisiya cəlb etsinlər. Çünki təkcə daxili imkanlarla istədikləri artımı təmin edə bilmirlər. Yəni hazırda bütün dünya investisiya uğrunda mübarizə aparır. Azərbaycan gərək üstünlüklərini ortaya qoysun ki, investorları maraqlandıra bilsin. Məsələn, avstriyalı bir investor "Avstriyada yaşayan investor Azərbaycana niyə investisiya qoysun?" sualına cavab tapırsa, əlbəttə ki, Azərbaycana investisiya qoyacaq. Hazırda Macarıstan da, Avstriya da, Ermənistan da, Türkiyə də çalışıb-vuruşur ki, özünə investor cəlb etsin. Bu baxımdan uğurlu olub-olmayacağımızı gələcəkdə görə biləcəyik. Biz ancaq investisiyaları neft-qaz sektoruna, bir də dövlətin təminat verdiyi sahələrə ciddi surətdə cəlb edə bilmişik. Qeyri-neft sektoruna indiyə qədər xarici investisiya cəlb edə bilməmişik. Bundan sonra hansısa qabiliyyətlərimiz ortaya çıxsa, investorları cəlb edə biləcəyik. Yəni yaşayıb görəcəyik. Ermənistanla sülh müqaviləsinim bağlanması əlavə üstünlük ola bilər. Çünki investorlar sabitlik olan yerlərə gəlirlər".

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Dörd

Tarix: 10 Yanvar 2026, 18:19   
Seçilən
21
pravda.az

1Mənbələr