AZ

TƏCİLİTƏCİLİ! İran üçün “90-cı dəqiqə” ssenarisi: Xamenei BELƏ DEVRİLƏCƏK

İran böhranının elə bir mərhələsi başlayıb ki, zaman artıq hakimiyyətin müttəfiqi olmaqdan çıxaraq ona qarşı işləməyə başlayıb. İsveçdə yaşayan, iranəsilli tanınmış analitik, National Iranian American Council-in (NIAC) həmtəsisçisi və sabiq rəhbəri Trita Parsi vəziyyəti son dərəcə sərt şəkildə xarakterizə edərək bildirir ki, Ali dini lider Əli Xamenei “90-cı dəqiqədə təslim ola bilər”, çünki manevr imkanları sürətlə tükənir.

Parsi tərəfindən təsvir olunan mənzərə heç bir illüziyaya yer qoymur. Söhbət artıq etirazların adi şəkildə yatırılmasından deyil, tamamilə fərqli miqyasda və məntiqdə qurulan repressiyalardan gedir. Analitikin sözlərinə görə, hazırda İranda tətbiq olunan informasiya blokadası hətta İslam Respublikasının əvvəlki təcrübələri ilə müqayisədə də misilsizdir. İnternet qismən yox, sistemli şəkildə kəsilir, görüntülər ölkədən kənara süzgəcdən keçirilərək çıxarılır, rəsmi informasiya axını isə məqsədli şəkildə dağıntılar və silahlı şəxslərin kadrları üzərində qurulur. Bu, xaos deyil, siyasi rejissor işidir. Hakimiyyət zorakılığı – artıq başlamış və ya başlamaq üzrə olan sərt repressiyaları – legitimləşdirmək üçün əvvəlcədən vizual əsas yaradır.

Parsi diqqəti daha bir vacib məqama yönəldir: bu sərtlik yalnız daxili auditoriyaya hesablanmayıb. O, eyni zamanda Vaşinqtona, xüsusilə də ABŞ prezidenti Donald Trampa ünvanlanan mesajdır. Analitikin fikrincə, Tramp yalnız o zaman güc tətbiqinə meyllidir ki, bu addım sürətli, sadə və zəmanətli görünsün. Qan, xaos, qeyri-müəyyənlik və uzunmüddətli münaqişə riski ortaya çıxan kimi isə ABŞ prezidenti instinktiv olaraq geri çəkilir. Yəmən təcrübəsi onun üçün travmatik nümunəyə çevrilib: “asan əməliyyat” kimi təqdim olunan proses qəfil ABŞ təyyarələri üçün təhlükəyə və sonu görünməyən yeni müharibə riskinə çevrildi.

İran rejimi bunu yaxşı anlayır. Məhz buna görə, Parsi hesab edir ki, hazırkı repressiyalar Vaşinqtona açıq mesajdır: İrana hücum “steril” olmayacaq. Bu, nöqtə zərbələri və gözəl hesabatlarla məhdudlaşmayacaq. İranın cavabı asimmetrik, çirkli və son dərəcə təhlükəli olacaq. Əgər əvvəllər Tehran daha çox simvolik reaksiyalar verirdisə, indi çıxılmaz vəziyyətdə belə ciddi müqavimət göstərməyə hazır olduğunu nümayiş etdirir.

Bu fonda İsrailin, senator Lindsi Qremin və mühacirətdəki İran müxalifətinin Trampa təzyiqləri əks-effekt də verə bilər. Tramp dəfələrlə sübut edib ki, əsas instinktinə – Venesuela və ya İraq ssenarisini xatırladan vəziyyətlərdən yayınmağa – təhlükə yarananda öz sərt ritorikasını asanlıqla kənara qoya bilir. Parsinin fikrincə, dövlətin tam çöküşü və nəzarətsiz xaos qorxusu Tramp üçün İrana qarşı müharibəni deyil, Xamenei ilə anlaşmanı daha cəlbedici edir.

Söhbət mütləq klassik nüvə sazişi formatında razılaşmadan getmir. Parsi bildirir ki, dialoq kanalları artıq mövcuddur və işlək vəziyyətdədir. İran elitası daxilində təzyiq artır və bu, təkcə nüvə dosyesi ilə məhdudlaşmır. Rejimin bir vaxtlar toxunulmaz sayılan daha geniş “qırmızı xətləri” sual altına düşür. Bu baxımdan, hazırkı repressiyalar prosesin sonu deyil, mümkün siyasi alverin başlanğıcı ola bilər.

Məhz burada vəziyyətin əsas dramatik nöqtəsi üzə çıxır. Əgər Əli Xamenei doğrudan da tablonun “son dəqiqəni” göstərdiyi vəziyyətə düşübsə, seçim artıq qələbə ilə məğlubiyyət arasında deyil, məğlubiyyətin iki forması arasındadır. Ya o, hakimiyyəti qan bahasına qorumağa çalışacaq, xaosun xarici müdaxiləni çəkindirəcəyinə və ona sövdələşmə üçün vaxt qazandıracağına ümid edəcək, ya da dünənə qədər rejimin dayaqları sayılan mövqelərdən tədricən geri çəkiləcək.

Bu mənada, bugünkü İran romantik anlamda inqilab astanasında olan ölkə deyil. O, artıq repressiyalardan qorxmayan küçə ilə ölkənin dağılmasının məsuliyyətini üzərinə götürmək istəməyən xarici dünya arasında sıxışmış bir dövlətdir. Belə bir konfiqurasiyada rejimin “90-cı dəqiqədə” kapitulyasiyası zəiflik yox, rasional seçim kimi görünür.

Əsas sual isə açıq qalır: vilayət-e fəqih sisteminin özünü qoruma instinkti kifayət edəcəkmi ki, zamanın demək olar artıq bitdiyini dərk etsin?

Əli Səfərli,
NOCOMMENT.AZ

Seçilən
84
nocomment.az

1Mənbələr