AZ

Vaşinqton beynəlxalq təşkilatlarda iştirakını yenidən nəzərdən keçirir

Rubio: ABŞ amerikalı vergiödəyicilərinin qlobal idarəçiliyin əsas sponsoru olduğu çoxtərəflilik modelini rədd edir...

Poliqon xəbər verir ki, ABŞ-nin dövlət katibi Marko Rubio Birləşmiş Ştatların onlarla beynəlxalq təşkilatdan çıxmaq qərarının ölkənin “dünyaya arxa çevirməsi” anlamına gəlmədiyini bildirib. Onun açıqlaması ABŞ Dövlət Departamentinin Substack onlayn platformasındakı rəsmi səhifəsində dərc olunub.

Rubio vurğulayıb ki, Vaşinqton bu addımla “amerikalı vergiödəyicilərini genişlənən qlobal idarəçilik arxitekturasının əsas təminatçısı kimi görən köhnəlmiş çoxtərəflilik modelini” qəbul etmir. Dövlət katibinin sözlərinə görə, ABŞ beynəlxalq əməkdaşlığa qarşı deyil, lakin bu əməkdaşlıq daha ədalətli yük bölgüsü və real milli maraqlar əsasında qurulmalıdır.

Onun fikrincə, mövcud mexanizmlərin bir qismi ABŞ üçün qeyri-mütənasib maliyyə və siyasi öhdəliklər yaradır, halbuki bir çox digər ölkələr bu sistemlərdən faydalansalar da, adekvat məsuliyyət daşımırlar. Rubio əlavə edib ki, ABŞ bundan sonra da ayrı-ayrı beynəlxalq qurumlarda iştirakını diqqətlə qiymətləndirəcək və yalnız milli maraqlara cavab verən strukturlarla əməkdaşlığı davam etdirəcək.

Qeyd edək ki, yanvarın 8-də ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların 66 beynəlxalq təşkilatdan çıxmasını nəzərdə tutan memorandum imzalayıb. Sənədə əsasən, ABŞ-nin bütün icraedici departamentləri və agentlikləri BMT sisteminə daxil olmayan 35 beynəlxalq təşkilatda, eləcə də BMT-yə bağlı 31 qurumda iştirakını və maliyyələşdirməni dayandırmalıdır. Bu qərar Tramp administrasiyasının “ABŞ-nin prioritetləri əvvəl” siyasətinin davamı kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
35
poliqon.info

1Mənbələr