ain.az, Gununsesi portalına istinadən məlumat yayır.
Kamal Abdulla: “Mən heç vaxt qarşıma konkret məqsədlər qoymamışam ki, mütləq yazıçı olacağam, mütləq filan əsəri yazacağam. Dostlarımın hər biri ilə məni bir yaradıcılıq işi bağlayır. Azad Mirzəcanzadə ilə kitab, Vaqif İbrahimoğlu ilə səhnə, Həsənağa Turabovla dramaturgiya…”
Zaman hər kəsdən hesabat istəyir. Amma elə adamlar var ki, zamanın özü onlardan hesabat alır. Filologiya elmləri doktoru, professor, Xalq yazıçısı Kamal Abdulla məhz bu nadir söz adamlarındandır. Onun yaradıcılığı konkret bir ədəbi mərhələnin çərçivəsinə sığmır. Alim də olub, yazıçı da, dramaturq da, düşüncə adamı da… Dekabrın 4-də Xalq yazıçısının 75 yaşı tamam oldu. Biz də Kamal Abdulla ilə məhz bu ovqatda – sükut və düşüncə fonunda görüşdük. Söhbətimiz yaşın fəlsəfəsindən başladı, dostluqdan, itkilərdən keçdi, ədəbiyyatın tale məsələsinə, elmin sərhədlərinə və “Dədə Qorqud”un Qərb dünyasına yoluna qədər uzandı…
“Yetmiş beş asan gəlmir”
– Kamal müəllim, 2025-ci ilin son ayında 75 yaşınız tamam oldu. Bu münasibətlə sizi təbrik edirik.
– Açığı, buna elə də təbrik düşmür, qızım. Daha çox təəssüf düşür. 75 ağır rəqəmdir. Oraya gəlib çatmaq asan deyil. İnsan bu yaşda daha çox itirdiklərini xatırlayır. Həyatın nə verdiyini yox, nə apardığını düşünür.
– Geriyə baxanda hansı məqamı həyatınızda dönüş nöqtəsi sayırsınız?
– Mənim həyatımda elə bir nöqtə olmayıb ki, orada dayanıb deyim: “Buradan sonra hər şey dəyişdi”. Dönüş nöqtəsi anlayışı mənə bir az süni gəlir. Həyatım ardıcıl, sakit və rəvan şəkildə axıb. Yaşadığım hər anın öz mənası, öz faydası olub. Heç birini o birindən ayırmaq istəmirəm.
Dostluq, itki və gözlənilməyən zənglər
– Yazıçı Seyran Səxavət deyir ki, dünyasını dəyişmiş bəzi dostlarından hələ də zəng gözləyir. Bəs siz kimdən zəng gözləyirsiniz?
– Bizim böyük yazıçımız Anarın çox dəqiq bir fikri var: “Dostlarımın bir qismini məndən ölüm aldı, bir qismini isə həyat”. Ölümün apardığı dostların xiffətini bu gün də çəkirəm. Əlbəttə, bu gün onlarla görüşmək, dərdləşmək istərdim. Amma zəng gözləmirəm. Çünki onlar artıq bu dünyada deyillər. Bəziləri çox vaxtsız getdi. Kaş bu gün sağ olaydılar, yanımda olaydılar. Darıxıram…
– Kimləri xatırlayırsınız bu məqamda?
– Yaşına baxmadan məni özünə dost bilən Azad Mirzəcanzadəni, Həsənağa Turabovu, Vaqif İbrahimoğlunu, Niyazi Mehdini… Tanımadığınız dostlarım da var: Nizami, Aslan, Məlik, Etibar… Məktəb yoldaşlarım üçün də darıxıram. Onlar üçün elə qəribsəmişəm ki… İnsan yaşa dolduqca keçmişlə münasibəti daha həssas olur.
Gəncliklə səssiz dialoq
– İndiki Kamal Abdulla gənc Kamal Abdulla ilə üz-üzə gəlsəydi, ona nə deyərdi?
– Elə sözlər var ki, onları yalnız o başa düşərdi. Başqaları mənim dediklərimi tam anlaya bilməzdi. O Kamal nə vaxtsa qarşıma çıxsa, həmin sözləri yalnız ona deyəcəyəm. Məni ondan başqa heç kim anlamaz.
– Gənclik arzularınıza sadiq qala bilmisinizmi və o gənc Kamalın istəkləri reallaşıbmı?
– Mən heç vaxt qarşıma konkret məqsədlər qoymamışam ki, mütləq yazıçı olacağam, mütləq filan əsəri yazacağam. Məqsəd olmayanda bəzi şeylər öz-özünə baş verir. Dostlarımın hər biri ilə məni bir yaradıcılıq işi bağlayır. Azad Mirzəcanzadə ilə kitab, Vaqif İbrahimoğlu ilə səhnə, Həsənağa Turabovla dramaturgiya… Bu yol təkbaşına gedilən yol deyil. Dostlarımın bu yolda böyük payı var. O ki qaldı arzuların reallaşmasına, bu, mənimlə o gənc Kamalın arasında ola biləcək bir söhbətdir.
Ədəbiyyat – seçim yox, yaşam tərzi
– Sizin üçün ədəbiyyat taledir, yoxsa seçim?
– Mənim üçün ədəbiyyat yaşam tərzidir. Buna həm tale, həm də seçim demək olar. Amma mənim qarşımda heç vaxt alternativ yollar olmayıb ki, biri ədəbiyyat olsun, digəri başqa sahə. Elə bir an olmayıb ki, özümü ədəbiyyatdan kənarda hiss edim. Dostluq etdiyim Ramiz Rövşən, Anar, İsmayıl Məmmədli, Nizami Cəfərov, Cəlil Nağıyev kimi insanlar da məni daim bu mühitin içində saxlayıblar.
– Amma sizi bəyənməyənlər də var…
– Təbii. Hər kəsi bəyənmək mümkün olmadığı kimi, hamı tərəfindən bəyənilmək də mümkün deyil. Məni bəyənməyənlər bunu öz mədəniyyətlərinə uyğun şəkildə ifadə ediblər.
Dilçi ilə yazıçının barışı
– Dilçi Kamal Abdulla ilə yazıçı Kamal Abdulla necə yola gedir?
– Çox rahat. Onlar artıq bir-biri ilə barışıblar. Dilçilik baqajım, elmi potensialım bədii düşüncəmdə özünü göstərir. “Dilçiliyə səyahət” kitabı da məhz bu niyyətlə yazılıb – dilçi olmayanlar üçün dilçilik formatında bir kitabdır. Elmi populyarlaşdırmaq istəyi var orada.
Son illər əziz dostum Rafiq Əliyevlə birlikdə qeyri-səlis məntiq mövzusunda bir neçə kitab üzərində çalışdıq. “Dədə Qorqud və qeyri-səlis məntiq”, “Qeyri-səlis məntiq: dil və nitq”, daha sonra Türkiyənin sabiq təhsil naziri Ziya Selçukun da qoşulduğu “Uşaqlar üçün qeyri-səlis məntiq” kimi maraqlı layihələr ərsəyə gətirdik. Burada məqsəd ciddi bir elm sahəsinə bədii təfəkkürün elementlərini gətirmək idi.
“Dədə Qorqud” Qərbə gedərkən…
– “Dədə Qorqud və qeyri-səlis məntiq” kitabının ingilis dilində çapı nəyi ifadə edir?
– Böyük alim Lütfi Zadənin ən böyük arzusu qeyri-səlis məntiqin sosial elmlərə tətbiqi idi. Biz bu arzunun bir hissəsini “Kitabi-Dədə Qorqud” üzərində həyata keçirdik və kitabı onun xatirəsinə həsr etdik. Bu, humanitar elmlərimiz üçün yeni mərhələnin başlanğıcıdır.
– Qərb oxucusu buna hazırdırmı?
– Məqsədimiz də elə budur. Qərb oxucusu burada Dədə Qorqudu Homerlə müqayisə etmək imkanı əldə edir. Bu dastan vasitəsilə müasir azərbaycanlının düşüncə tərzini, psixologiyasını hiss edir. Biz göstəririk ki, qədim əcdadlarımızın dünyagörüşündə demokratik elementlər mövcud olub. Mən bunu ilk növbədə Azərbaycan humanitar elmi üçün mühüm bir mərhələ hesab edirəm. Burada söhbət təkcə bir kitabın başqa dildə çap olunmasından getmir. Söhbət düşüncə tərzimizin, mədəni yaddaşımızın, intellektual modelimizin beynəlxalq elmi dövriyyəyə daxil olmasından gedir. “Kitabi-Dədə Qorqud” bizim kimliyimizin kodlarından biridir. Ona yeni metodoloji prizmadan baxmaq və bu baxışı dünya elminə təqdim etmək böyük məsuliyyətdir.
– Qeyri-səlis məntiq kimi mürəkkəb elmi konsepsiyanın “Dədə Qorqud”la birləşdirilməsi Qərb oxucusu üçün nə dərəcədə anlaşılandır?
– Qərb oxucusu üçün bu yanaşma həm tanış, həm də yenidir. Tanışdır ona görə ki, qeyri-səlis məntiq Qərb elmi mühitində artıq qəbul olunmuş bir nəzəriyyədir. Yenidir ona görə ki, bu məntiq ilk dəfə olaraq türk epik düşüncəsinə, xüsusilə “Dədə Qorqud” kimi monumental mətnə tətbiq olunur. Burada biz göstəririk ki, dastanın düşüncə strukturu klassik Aristotel məntiqinə deyil, daha elastik, çoxqiymətli, qeyri-səlis məntiqə əsaslanır.
Əsas dəyişiklik ondadır ki, biz dastana müasir elmi şablonları zorla tətbiq etmirik. Əksinə, dastanın öz daxili məntiqini üzə çıxarırıq. “Dədə Qorqud”da qəhrəmanlar ya tam ağ, ya tam qara deyil. Orada qərarlar birmənalı deyil, situativdir, dəyişkəndir. Qeyri-səlis məntiq bu düşüncə modelini izah etmək üçün ən uyğun vasitədir. Bu, dastanı daha dərindən anlamağa imkan verir.
“Bu əsər “Arşın mal alan”ın davamı deyil”
– “Əsgər ağa və Gülçöhrə” əsərinin Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyük təqdimatı oldu.
– Əvvəlcə onu deyim ki, bu əsər “Arşın mal alan”ın davamı deyil. Bunu xüsusi vurğulamaq istəyirəm. “Arşın mal alan” həyatdan götürülmüş bir süjetin yüksək bədii ifadəsidir. Üzeyir bəy real həyatı götürüb onu idealizə edir, musiqi ilə, yumorla, sevgi ilə zənginləşdirir. Mənim yazdığım “Əsgər ağa və Gülçöhrə” isə artıq idealın sonrakı taleyidir. Bu, romantikanın gündəlik həyatla üz-üzə gəlməsidir.
– Yəni bu, məşhur operettanın qəhrəmanlarının “sonrakı həyatı”dır?
– Bəli, məhz elədir. Əsgər və Gülçöhrə səhnədə sevərək qovuşurlar, amma həyat orada bitmir axı. Mənim üçün maraqlı olan sual bu idi: onlar evləndikdən sonra nə baş verdi? Sevgi gündəlik qayğıların, zamanın, sosial münasibətlərin içində necə dəyişir? Bu artıq komediyadan çox, həyatın özüdür. Burada artıq sevgi nağıl deyil. Burada insan münasibətləri, xarakterlərin toqquşması, zamanın insanı dəyişməsi var. Əsgər artıq yalnız aşiq deyil, məsuliyyət daşıyan bir insandır. Gülçöhrə isə ideal obraz olmaqdan çıxıb real qadına çevrilir. Mənim üçün bu keçid çox önəmli idi.
– Tamaşanın səhnə həlli sizi qane etdimi?
– Ümumilikdə bəli. Səhnə həmişə mətndən fərqli bir nəfəsdir. Yazılı mətndə sən daha çox düşünürsən, səhnədə isə emosiyalar önə çıxır. Bəzi məqamlar var ki, mətni yenidən yazsaydım, bəlkə də xırda dəyişikliklər edərdim. Bu, hər müəllifdə olur. Tamaşaya baxanda qeyri-ixtiyari olaraq “burada bir cümləni başqa cür deyərdim” deyə düşünürsən. Amma bu artıq yaradıcı prosesin təbii hissəsidir. Əsas mesaj budur ki, sevgi yalnız başlanğıc deyil. Sevgi davamdır, zəhmətdir, güzəştdir. İnsanlar çox vaxt sevginin özünü yox, onun ideal təsvirini sevirlər. Amma həyat ideallarla yox, reallıqlarla davam edir. “Əsgər ağa və Gülçöhrə” məhz bu reallığın içində sevginin taleyindən danışır.
– Bu yaxınlarda xatirələrdən bəhs edən “Unutmağa kimsə var” adlı kitabınız çap olundu. Bu bir hesabatdır, yoxsa başlanğıc?
– Kitabın ön sözündə yazmışam: bunlar xatirələrdir. Unutmağa kimsə yoxdur. Yadıma düşdükcə boşluqlar dolur. Bu kitabda keçən əsrin ortalarından bu günə qədər həyatımda baş verənləri xatirələr, sistemli qafiyələr şəklində təsvir vasitəsi ilə qələmə aldım. Bu kitabda elmin və bədii yaradıcılığın vəhdətinin necə formalaşdığının ağır və əzablı yolu görünür. Kitab böyük və maraqlı bir dövrü əhatə edir. Arzuları, xəyalları…
– Yaş artdıqca arzular azalırmı?
– Arzular azalır, amma dərinləşir. Arzuların dayazı olmur. Onlar həmişə əlçatmazlığı ilə dərindir.
– Həyatınızı bir cümlə ilə ifadə etsəniz o cümlə nə olardı?
– Taleyimdə olan həyatımda olmayıb. Bu, mənim bir hekayəmdən gələn cümlədir.
Xəyalə Rəis
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.