AZ

Ölkəmizin enerji potensialını gücləndirəcək stansiya bu gün artıq fəaliyyətə başlayır.



Azərbaycanın enerji tarixində yeni və strateji əhəmiyyətli bir mərhələ başlanır. Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında keçirilən rəsmi mərasimlə 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası istismara verildi. Bu mühüm hadisə ölkəmizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, bərpaolunan enerji mənbələrinin genişləndirilməsi və yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu stansiyanın istifadəyə verilməsi ölkənin enerji potensialını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, ümumi sosial-iqtisadi inkişafa da ciddi töhfə verəcəkdir. Dörd il əvvəl-2022-ci ilin yanvarında təməli qoyulan bu layihə qısa müddətdə yüksək peşəkarlıqla reallaşdırılmış və beynəlxalq əməkdaşlığın uğurlu nümunəsinə çevrilmişdi.
“Xızı-Abşeron” Külək Elektrik Stansiyası Səudiyyə Ərəbistanının aparıcı enerji şirkəti olan “ACWA Power” tərəfindən inşa edilmiş və bu şirkətin Azərbaycanda həyata keçirdiyi ilk bərpaolunan enerji layihəsidir. Layihənin baş podratçısı kimi çıxış edən “Power China” şirkətinin iştirakı isə Çin-Azərbaycan-Səudiyyə Ərəbistanı arasında formalaşan üçtərəfli əməkdaşlığın real nəticələrini nümayiş etdirir. Bu əməkdaşlıq təkcə enerji istehsalı ilə məhdudlaşmır, eyni zamanda texnologiya transferi, kadr hazırlığı və enerji şəbəkələrinin modernləşdirilməsi kimi mühüm sahələri də əhatə edir.

Yeni stansiya ölkənin ümumi generasiya gücünü artırmaqla yanaşı, elektrik enerjisinin ixrac imkanlarını da genişləndirməkdədir. Hazırda Azərbaycanın ümumi generasiya gücü təxminən 10 min meqavata çatmışdır ki, bu da tarixi rekord göstəricidir. Qarşıdakı illərdə külək, Günəş və su elektrik stansiyalarının hesabına bu rəqəmin daha da artacağı gözlənilir. Xüsusilə Xəzər dənizinin Azərbaycan sektorunda mövcud olan 157 giqavatlıq külək potensialı ölkəmizi regionun aparıcı yaşıl enerji mərkəzinə çevirmək imkanına malikdir.

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının fəaliyyəti həm də ətraf mühitin qorunması və karbon emissiyalarının azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir. Layihə minlərlə ailənin təmiz enerji ilə təmin olunmasına şərait yaradaraq, dayanıqlı inkişaf hədəflərinə xidmət edir.

Bu stansiyanın istismara verilməsi Azərbaycanın etibarlı enerji tərəfdaşı və bərpaolunan enerji sahəsində qlobal oyunçu kimi mövqeyini daha da möhkəmləndirir. Dövlətin uzaqgörən siyasəti, beynəlxalq investorların etimadı və peşəkar kadr potensialı sayəsində Azərbaycan enerji sektorunda yeni uğurlara doğru inamla irəliləyir.

Rəvanə Kərimova,,
Nəsimi Rayon Gənci.



Seçilən
14
aia.az

1Mənbələr