AZ

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkəmizin siyasət gündəminin strateji xəritəsi idi- ŞƏRH

Bakı, 11 yanvar, AZƏRTAC

“Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi geniş müsahibə əslində tək bir mövzunun deyil, ölkənin bütün siyasi, təhlükəsizlik və xarici siyasət gündəminin strateji xəritəsi idi. Müsahibədə postmüharibə dövründə Azərbaycanın regional mövqeyi, Ermənistanla sülh prosesi, Qərblə və ABŞ-la münasibətlər, enerji və nəqliyyat siyasəti, daxili sosial-iqtisadi prioritetlər və qlobal geosiyasi gərginliklər kimi çoxsaylı istiqamətlərə toxunuldu. Lakin bu geniş spektr içində Qəzza məsələsinə dair verilən mesajlar xüsusi diqqətə layiqdir. Yaxın Şərqdə gedən müharibə artıq təkcə İsrail–Fələstin qarşıdurması deyil, qlobal güclərin toqquşduğu, regional balansları silkələyən və bir çox ölkələri seçim qarşısında qoyan sistemli böhrana çevrilib. Məhz buna görə, Azərbaycan kimi balanslaşdırılmış xarici siyasət yürüdən dövlətin bu məsələdə tutduğu xətt onun beynəlxalq mövqeyini, risk qavrayışını və strateji prioritetlərini ən aydın şəkildə üzə çıxarır”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.

Dövlətimizin başçısının Qəzza məsələsi ilə bağlı fikirlərindən danışan politoloq deyib: “Prezident İlham Əliyevin mövqeyi və səsləndirdiyi fikirlər əslində təkcə Yaxın Şərqdə baş verən müharibəyə münasibət deyil, Azərbaycanın bütöv xarici siyasət fəlsəfəsinin və regional balans strategiyasının açıq ifadəsidir. Bu mövqe Bakının beynəlxalq sistemdə necə bir aktor olmaq istədiyini və hansı risklərdən prinsipial şəkildə uzaq durduğunu aydın şəkildə göstərir.

Bu prizmadan yanaşsaq, Azərbaycanın Qəzza zolağına sülhməramlı və ya hərbi kontingent göndərməmək qərarı ilk baxışda texniki və ya təhlükəsizlikyönlü görünə bilər. Lakin siyasi mahiyyət etibarilə bu qərar daha dərin strateji məna və əhəmiyyət daşıyır. Prezident İlham Əliyev açıq şəkildə ifadə etdi ki, Azərbaycan üçün prioritet öz əsgərinin həyatı, ölkənin təhlükəsizliyi və dövlət maraqlarıdır. Yaxın Şərq hazırda dünyanın ən partlayıcı geosiyasi məkanlarından biri və dinamik olaraq dəyişən siyasi paradiqmaların yer aldığı coğrafi məkandır. Belə bir mühitdə hərbi iştirak faktiki olaraq Azərbaycanı bu böyük güclərarası qarşıdurmanın hissəsinə çevirə bilərdi. Rəsmi Bakı isə bunu strateji risk kimi qiymətləndirir və bundan şüurlu və məntiqli olaraq kənarda dayanmağı üstün tutur.

Müsahibədə dövlətimizin başçısı tərəfindən səsləndirilən mövqe Azərbaycanın balanslaşdırılmış xarici siyasət xəttinin məntiqi davamıdır. Azərbaycan rəsmi olaraq, illərdir həm İsraillə, həm müsəlman dünyası ilə, həm Qərblə, həm də regional güclərlə paralel münasibətlər saxlayır. Qəzza müharibəsi bu balans üçün ən böyük sınaqlardan biridir. Əgər Azərbaycan hərbi cəhətdən bir tərəfin yanında açıq mövqe tutsaydı, digər tərəflərlə münasibətlərini riskə atmış olardı. Prezidentin İlham Əliyevin müsahibədə ortaya qoyduğu arqumentlər onu göstərir ki, Azərbaycan regional və qlobal güclər arasında seçim etmək məcburiyyətində qalmaq istəmir. O, özünü sabitləşdirici, neytral və rasional aktor kimi qorumağa çalışır”.

Politoloq əlavə edib ki, eyni zamanda, bu mövqe Azərbaycanın Qəzza məsələsində tam passiv qalması anlamına da gəlmir. Prezident İlham Əliyev açıq şəkildə humanitar və siyasi dəstəyin davam edəcəyini vurğulamaqla Azərbaycanın Fələstin məsələsinə prinsipial münasibətini saxladığını göstərir. Bu, xüsusilə İslam dünyası üçün vacib mesajdır: Azərbaycan Fələstin xalqının taleyinə biganə deyil, amma bu dəstəyi hərbi avantüraya çevirmədən, diplomatik və humanitar çərçivədə saxlayır. Bu, bir tərəfdən müsəlman ölkələri ilə münasibətləri qoruyur, digər tərəfdən isə Qərblə və İsraillə mövcud əməkdaşlıq xəttinin də qoruyub saxlayır.

Seçilən
33
azertag.az

1Mənbələr