AZ

KİV: Tramp Qrenlandiyaya hücum etmək istəyir, generallar qarşı çıxır

BAKI, 11 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp xüsusi təyinatlı qüvvələrin komandanlığına Qrenlandiyanın işğalı planını hazırlamaq barədə göstəriş verib, lakin o, yüksək rütbəli hərbçilərin ciddi müqaviməti ilə üzləşib.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" nəşri məlumat yayıb.

Bildirilib ki, Prezidentin ətrafındakı siyasi müşavir Stiven Millerin rəhbərlik etdiyi "şahinlər" (radikal tərəfdarlar) Venesuela lideri Nikolas Maduronun devrilməsi əməliyyatının "uğurundan" o qədər ruhlanıblar ki, Rusiya və ya Çin hərəkətə keçməmiş adanı sürətlə ələ keçirmək niyyətindədirlər.

Britaniyalı diplomatların fikrincə, Tramp bu addımla həm də ilin sonunda keçiriləcək aralıq seçkiləri ərəfəsində diqqəti ABŞ iqtisadiyyatındakı problemlərdən yayındırmağa çalışır. Seçkilərdən sonra onun Konqresdəki nəzarəti Demokratlar partiyasına uduzma riski mövcuddur.

Məlumata görə, Prezident Birgə Xüsusi Əməliyyatlar Komandanlığından (JSOC) işğal planı hazırlamağı tələb etsə də, Qərargah Rəisləri Komitəsi buna qarşı çıxır. Mənbələrdən biri qeyd edib ki, generallar Trampın Qrenlandiya planını "ağılsız və qeyri-qanuni" hesab edirlər. Buna görə də, hərbçilər prezidentin diqqətini Rusiya kölgə donanmasının qarşısını almaq və ya İrana zərbə endirmək kimi daha az mübahisəli hərbi tədbirlərə yönəltməyə çalışırlar.

Diplomatik yazışmaların birində hadisələrin inkişafı ilə bağlı "ən pis ssenari" NATO-nun daxildən dağıdılması kimi təsvir edilir:

"Bəzi avropalı rəsmilər şübhələnirlər ki, Tramp ətrafındakı radikal MAGA fraksiyasının əsas məqsədi məhz budur. Konqres Trampa NATO-dan çıxmağa icazə vermədiyindən, Qrenlandiyanın işğalı avropalıları alyansdan imtina etməyə məcbur edə bilər. Əgər Tramp NATO-ya son qoymaq istəyirsə, bu, ən əlverişli yoldur".

Avropalı rəsmilər ehtiyat edirlər ki, Tramp yay aylarında, aralıq seçkilərindən əvvəl hərəkətə keçə bilər. İyulun 7-də keçiriləcək NATO sammiti isə həlledici məqam kimi qiymətləndirilir.

Qeyd edək ki, "Politico" nəşri daha əvvəl Qrenlandiyanı əldə etmək üçün Trampın dörd mərhələli planı olduğunu yazmışdı: müstəqillik hərəkatını gücləndirmək, sərfəli müqavilə təklif etmək, prosesə Avropanı cəlb etmək və son variant kimi hərbi müdaxilə.

"Bloomberg" isə Kanadanın da Venesuela əməliyyatı və Qrenlandiya təhdidlərindən sonra Trampın növbəti "hədəfi" olmaqdan ehtiyatlandığını bildirib.

Seçilən
79
teleqraf.com

1Mənbələr