AZ

Ermənistanın ÜDM artımının “sirri” | ŞƏRH

Prezident qeyd etdi ki, ümumilikdə, iqtisadi inkişafdan razıdır: "Bizim bir problemimiz var, bu da neft hasilatının təbii azalmasıdır. Bu amil ÜDM göstəricilərinə müəyyən mənfi təsir göstərir. Lakin əgər qeyri-neft və qeyri-qaz sektorunda ÜDM-ə baxsaq görərik ki, 11 ay ərzində 3,2% artım qeydə alınıb, bu da pis göstərici deyil. Bu artım daha yüksək ola bilər və böyük ehtimalla, olacaq".

Ölkədə əslində iqtisadi geriləmə yoxdur. 2019-cu ildən bəri pandemiya ilini çıxmaq şərtilə ölkədə hər il iqtisadi artım qeydə alınıb. 2019-da iqtisadiyyat 2,2% artmışdısa, 2020-də 4,3%-lik tənəzzüldən sonra 2021-də 5,6%, 2022-ci ildə 4,6%, 2023-cü ildəki 1,1% nəticədən sonra isə 2024-cü ildə 4,1% artıq ÜDM əldə olunub.

Bu dinamikanın səbəbi nədir? Neft-qaz hasilatının proqnoz ediləndən artıq enməsi, həmçinin bu sahədə dünya bazarlarındakı şərait ÜDM-nin nominal səviyyəsinə təsir göstərdiyi halda, ölkədə məhz qeyri-neft-qaz sektoruna yönəlik islahatlar, dəstək tədbirləri nəticəsində artım dalğavari tempdə də olsa saxlanıb və müvazinət əldən verilməyib.

Prezident onu da çox gözəl bildirdi ki, artım təbii olmalıdır. Eyni zamanda, "Biz neft hasilatının sabitləşdirilməsinin üzərində işləyirik, - bu, mümkündür, - və təbii qaz hasilatının artırılması istiqamətində addımlar atırıq. Bu da iqtisadiyyatımıza əlavə dinamika verəcək və onun böyüməsinə töhfə olacaq". Qeyri-neft-qaz sektorunun gələcək inkişafı üçün həm hüquqi, həm də praktik sahədə hökumət xeyli müddətdir böyük işlər görür və müvafiq addımlar atır. Təbii ki, bütün bunlar da tədricən nəticəsini göstərir. Qeyri-neft-qaz sektoru üzrə istehsal və ixrac artır. Ölkədə ÜDM istehsalını ayaqda saxlayan məhz bu faktordur. Hər rübdə və ildə nə artım baş verirsə bilavasitə qeyri-neft-qaz sektorunun hesabına olur.

Ölkədə iqtisadi artım keçən il də zəif olmuşdu. Bu, özünü ilin əvvəlindən göstərməyə başladı. İlin ortasına doğru vəziyyət nisbətən düzəldi. Lakin problem köklü və dərin xarakter daşıdığından vəziyyət əvvəlki kimi yenə kövrək qalmaqdadır. Bu yerdə bir nüansa da toxunmaq istərdim. ÜDM-nin istehsalı həcmi az təşkil etdiyinə və daraldığına görə hökuməti tənqid atəşinə tutan bəzi dairələr qonşu ölkələrdən də misal gətirirlər. Məsələn, Ermənistanda ÜDM istehsalının həcmindən. Lakin nəzərə almırlar ki, regionun ətrafında böyük münaqişələr zəminində müxtəlif proseslər gedir. Qərbin çoxsaylı sanksiyaları nəticəsində oyunlar oynanılır. Gizli ticarət əlaqələri, alış-veriş, tranzit münasibətləri və sair bir sıra ölkələrin nəyi hardan necə etdiyinə, bəzi göstəricələrə necə nail olduqlarına dair sual və şübhələr yaradır.

2022-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 24% artaraq təxminən 3,71 milyard ABŞ dolları təşkil edirdisə, hazırda 5 milyard dollara çatıb. Rusiya-Ukrayna müharibəsi başlayanda Ermənistanla Rusiya arasındasa ticarət dövriyyəsi 2 milyard ABŞ dollarına bərabər olduğu halda, iki ilə bu rəqəm 12 milyard dollara yetişib. Təbii ki, bu cür alış-veriş nəticəsində qeyri-təbii ÜDM həcmi ortaya çıxmalıdır və çıxır da. Nikahdankənar doğulan uşaq kimi... "Çünki onlar üçün sanksiyalardan yayınma kanalı olmaq qəbulediləndir. Bizim ÜDM-nin artması isə kiməsə sanksiyalardan yayınmağa kömək etdiyimizə görə deyil, - biz bunu etmirik, - o, iqtisadi fəaliyyətimizin real nəticələri hesabına artır",- deyə Prezident İlham Əliyev vurğulayıb.

Bəli, neft hasilatımız enir, neftin qiyməti də əvvəlki səviyyədə deyil və olmayacaq da. Qazla bağlı vəziyyət isə stabil xarakter daşımır. Azərbaycanda da ÜDM-nin həcmi bu sahəyə bağlıdır. Lakin narahatlığa əsas yoxdur. Sadəcə olaraq, belə bir fonda iqtisadiyyatın təhlükəsizliyi üçün mühüm elementlərdən olan məsələn, xarici ticarət dövriyyəsinin azalması və inflyasiyanın sürətlənməyə meyil göstərməsi kimi amillər ciddi təhdid xarakter daşıdığından onların qarşısı alınmalıdır. Dövlət başçımızın dediyi kimi, əsas odur, iqtisadiyyatımız bizə inkişaf etməyə, əhali üçün daha yaxşı yaşayış şəraiti yaratmağa, azad edilmiş əraziləri bərpa etməyə, müdafiə qabiliyyətinə investisiya qoymağa və ümumən, daha da güclənməyə imkan versin.Yeri gəlmişkən, cari il üçün ölkədə ÜDM istehsalı üzrə artım 2,9% səviyyəsində proqnozlaşdırılıb.


Pərviz Heydərov
Xüsusi olaraqAzVision.azüçün
Seçilən
28
2
azvision.az

3Mənbələr