Son zamanlar sağlam qidalanmaya marağın artması ilə evdə hazırlanmış quru meyvələrə, xüsusilə də üzüm qurusuna (kişmişə) tələbat yüksəlir. Mütəxəssislər bildirir ki, bazarlarda və marketlərdə satılan üzüm qurusu ilə evdə hazırlanan məhsul arasında ciddi fərqlər var.
“Yeni Sabah” bu barədə araşdırıb:
Hazır satılan üzüm qurularının əksəriyyəti daha uzun müddət xarab olmaması üçün müxtəlif kimyəvi maddələrlə işlənir. Xüsusən, rəngini açıq saxlamaq üçün kükürd qazı istifadə olunur. Parlaqlıq vermək məqsədilə yağlanır və saxlanma müddətini uzatmaq üçün konservantlar tətbiq edilir.
Bu maddələr məhsulun xarici görünüşünü cəlbedici etsə də, bəzi insanlarda allergik reaksiyalar, mədə-bağırsaq problemləri və digər narahatlıqlara səbəb ola bilər.
Evdə üzüm qurusu necə hazırlanır?
Evdə üzüm qurusu hazırlamaq üçün əsasən şirin və nazik qabıqlı üzüm növlərinə üstünlük verilir. Üzümlər yuyulduqdan sonra salxım və ya dənə şəklində kölgəli, hava alan yerdə qurudulur. Prosesi sürətləndirmək üçün sobadan və ya xüsusi meyvə quruducularından da istifadə etmək mümkündür.
Evdə hazırlanan üzüm qurusunun əsas üstünlükləri:
Heç bir kimyəvi qatqı əlavə edilmir
Təbii dad və tərkib qorunur
Qida dəyəri daha yüksək olur
Uşaqlar və yaşlılar üçün daha təhlükəsiz sayılır
Hansı daha keyfiyyətlidir?
Qida mütəxəssisləri hesab edir ki, seçim imkanı varsa, evdə hazırlanan üzüm qurusu daha sağlam və keyfiyyətlidir. Market məhsulları isə vaxt qıtlığı olanlar üçün rahat seçimdir. Lakin hazır məhsul alarkən tərkibinə, rənginin həddindən artıq açıq olmamasına və kükürd qoxusunun hiss edilməməsinə diqqət yetirmək tövsiyə olunur.
Qeyd edək ki, bazarlarda üzüm qurusunun kiloqramı mövsümə görə 8–15 manat aralığında dəyişir. Evdə hazırlanan məhsul isə ilkin baxışda ucuz başa gəlsə də, zəhmət və vaxt tələb edir. Buna baxmayaraq, təbii və qatqısız olması səbəbindən bir çox ailə ev üsuluna üstünlük verir.
Aytac Əliyeva
Telegram kanalımız