AZ

Qəribə və amansız xəstəlik var: David Seliverstov yazır



Bir qəribə və amansız xəstəlik var. O, bədənlə bağlı deyil — ruhun görmə qabiliyyəti ilə bağlıdır. Bu xəstəlik gözləri kor etmir, amma qəlbi kar edir. İnsan baxır — görmür. Dinləyir — eşitmir. Yaşayır — amma sanki öz həyatında iştirak etmir.

Bu xəstəlik ağrını adiləşdirir. Ağrı adiləşəndə isə insan həqiqəti ayırd etməyi unudur. Həqiqət sadədir. Həqiqət —sevgi ilə baxdığın hər şeydir. Qalan hər şey isə dumandır. Bəli, məhz duman: sıx ola bilər, gözləri yandıra bilər, reallıq təsiri bağışlaya bilər, amma onun içində nə dayaq var, nə məna, nə də həyat. İnsanın içində sevgi olmayanda, o, kor koranə yol gedir. Tövrəyir, yanılır, özünə və başqalarına zərər verir və buna “tale” deyir. Və məhz bu yerdə, demək olar ki, hiss olunmadan, həyat mətnində At obrazı yaranır. Əvvəlcə — sadəcə At. Güclü. Səbirli. O, insanı ağrıdan, tozdan, yorğunluqdan keçirir. Gedər, çünki yolu getmək lazımdır.

Amma bir gün — ağrı aydınlaşanda, duman çəkiləndə, Atın qanadları çıxır. Bu möcüzə deyil. Bu harmoniyadır. Qanadlar — sevgidir. Həqiqəti geri qaytaran o baxışdır. Qanadlı At artıq kor-koranə qaçmır — o, dumanın üzərinə qalxır.

Yolu bütöv görür. Və onun belində olan insan ilk dəfə anlayır: məsələ sürətdə deyildi, gücdə deyildi, mübarizədə deyildi. Məsələ onda idi ki, o, dünyaya hansı gözlə baxırdı.

Harmoniya —gücün sevgi ilə savaşmadığı, onunla yanaşı addımladığı haldır. Yolun insanı sındırmadığı, onu apardığı andır. Və onda hər kəs üçün, çətin sözlərə ehtiyac qalmadan, aydın olur: Əgər həyata sevgisiz baxırsansa —sən duman görürsən.

Əgər sevgi ilə baxırsansa —sən həqiqəti görürsən. Həqiqət isə həmişə sakit gəlir, yanında əyləşir və gözləyir —
sənin Atının qanadları çıxana qədər.

David Seliverstov

Magen David Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin rəhbəri
Seçilən
20
1
newscenter.az

2Mənbələr